Ankara Universitetində Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə qayıdış mövzusunda konfrans keçirilib

Ankara Universitetində Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə qayıdış mövzusunda konfrans keçirilib Türkiyənin ən nüfuzlu ali məktəblərindən olan Ankara Universitetində (AU) “Azərbaycan Respublikasının Qarabağ bölgəsində mülkiyyət hüquqlarının pozulması və bölgənin gələcəyi” mövzusunda konfrans keçirilib.
Əvvəlcə AU-nun dekanı Harun Tanrıvermiş mövzu ətrafında çıxış edib. İşğal altındakı torpaqlarını düşməndən azad edən Azərbaycanın bu zəfərlə regionda yeni bir siyasi-iqtisadi atmosfer yaratdığını diqqətə çatdıran alim bildirib ki, konfransın məqsədi yaranmış yeni mənzərəyə baxış sərgiləməkdir.
Qırx dörd günlük vətən müharibəsi əsasında işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasını tarixi hadisə kimi dəyərləndirərək, rəşadətli qələbənin regionda yeni bir münasibətlər müstəvisi yaratdığını diqqətə çatdıran Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim iştirakçıların suallarını cavablandırıb.
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədimizin bərpası, düşməndən təmizlənən ərazilərdəki yenidən qurulması işləri barədə müfəssəl məlumat verən səfir bildirib ki, hazırda bölgədə ən ağır proses ərazilərin minalardan təmizlənməsi, həyatı üçün infrastrukturun yaradılmasıdır. Azərbaycan ən qısa zamanda məlum işğal nəticəsində yurdundan didərgin düşən soydaşlarımızın öz evlərinə dönməsini təmin edəcək. Bütün işlər, o cümlədən bərpa və yurda qayıdış sistemli şəkildə aparılır.
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Azərbaycan Respublikasının yaranması tarixi, dövlətçiliyimizə mane olan məsələlər, regionun qədim mədəniyyəti və sivilizasiya tarixi barədə geniş çıxış edib. Bölgəyə köçürülmüş ermənilərin Azərbaycan xalqına qarşı çoxsaylı ağır cinayətlərindən danışan alim diqqətə çatdırıb ki, vaxtilə Osmanlı dövlətinə silahlı qiyamlar yaradan ermənilər eyni xainliyi xalqımıza qarşı da törədiblər.
Konfransa videoformatda qatılan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mübariz Məmmədli işğaldan azad olunan bölgələrin idarə olunması üçün yaradılan dövlət strukturları, onların funksiyaları, bərpa və yenidənqurma prosesləri ilə bağlı qəbul olunan qərarlar, onların icrasına nəzarət mexanizmləri barədə müfəssəl məlumat verib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycanın qazandığı tarixi zəfər regional inkişaf kontekstində yeni bir mərhələnin başlanğıcını qoyub. Prezident İlham Əliyevin sərgilədiyi qətiyyətli mövqe bütün sahələrdə strateji münasibətləri inkişaf edən Azərbaycan və Türkiyənin işğaldan azad olunan ərazilərdə də birgə fəaliyyət göstərməsi təmin olunub.

Tehsil-press.az


Oxşar xəbərlər