BSU-nun məzunlarına yüksək öyrənmə nəticələrinə görə təşəkkürnamələr təqdim edilib

BSU-nun məzunlarına yüksək öyrənmə nəticələrinə görə təşəkkürnamələr təqdim edilib 2021-2022-ci tədris ilində yüksək öyrənmə nəticələrinə görə Bakı Slavyan Universitetinin (BSU) 6 tələbəsi - Səkinə Əliyeva, Səbinə Həsənova, Nuray Xantəmirli, Səbinə Qədirova, Tamella Qubiyeva, Xanımbacı Əliyeva təşəkkürnamə ilə təltif ediliblər.
Təşəkkürnamələr Elmi şuranın qərarı ilə artıq ikinci ildir ki, ən yüksək öyrənmə nəticələri göstərmiş tələbələrin karyera inkişafının dəstəklənməsi məqsədilə verilir.
Hər fakültə üzrə ən yüksək müvəffəqiyyət göstəriciləri ilə tədrisini başa vurmuş BSU məzunları bir il ərzində iş həyatı, eləcə də ali təhsilin növbəti səviyyəsi üzrə ehtiyac duyduqları bilik və bacarıqların artırılması məqsədilə yerli, beynəlxalq təlim və inkişaf proqramlarında iştirak edə biləcəklər.
BSU-nun rektoru Anar Nağıyev tələbələrə yüksək öyrənmə nəticələrinə görə təbrikində qeyd edib ki, müasir bilik cəmiyyəti dövründə ali təhsil müəssisələri fəaliyyətini daha çevik qurmaqla ömürboyu öyrənmə imkanlarını təmin etməlidir.
Anar Nağıyev məzunların ali təhsil müəssisəsinin inkişafındakı vacib rolunu vurğulayaraq, onları BSU-da təlim və tədris prosesinin təşkilində daha yaxından iştirak etməyə dəvət edib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu mükafata BSU-nun 8 məzunu layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər