Peşə təhsili üzrə mütəxəssislər üçün təlim təşkil olunub

Peşə təhsili üzrə mütəxəssislər üçün təlim təşkil olunub “Gələcək üçün peşə təhsili” layihəsi çərçivəsində “MOODLE” təhsil platformasından istifadə edilərək rəqəmsal öyrənmə və qiymətləndirmə resurslarının hazırlanması istiqamətində 4 həftəlik təlim keçirilir.
Kursun məqsədi peşə təhsilində rəqəmsallaşmanın tətbiqinə dəstək olmaq və bu sahədə yeni resursların yaradılmasına töhfə verməkdir.
Təlim sahə üzrə mütəxəssis Mariya Toro-Trokonis tərəfindən keçirilir. Kurs izahedici vebinarlar və sərbəst öyrənmə imkanları təmin edilərək aparılır. Təlim kursunda Bakı, Gəncə, Şəki, Cəlilabad, Lənkəran, İsmayıllı, Mingəçevir və Qəbələdə yerləşən 12 peşə məktəbindən seçilmiş aparıcı mütəxəssislər iştirak edir. Kurs müddətində iştirakçılar innovativ tədris strategiyaları, metodları və təlim bacarıqlarının təşkili, eləcə də seçilmiş peşə və mövzuya uyğun rəqəmsal dərs planı və qiymətləndirmə planının qurulması mövzuları üzrə bilik və bacarıqlarını artırırlar. Proqramın sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikatla təltif ediləcək.
Təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə məktəblərinin müasirləşdirilməsinə yardım etməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər