Kim qan verə bilməz?

Kim qan verə bilməz? “Çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur. Donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova bildirib.
Onun sözlərinə görə, yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Həkim əlavə edib ki, qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir: “Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir. Alınan qanın standart dozası isə 350-400 ml təşkil edir. Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar”.
Ş. Şabanınovanın sözlərinə görə, əksər ölkələrdə, həmçinin Azərbaycanda, ən çox müsbət rezus-faktoru olan OO (I) və A0, AA(II) qan qruplarına ehtiyac var.
Bəs hansı xəstəliklərdən əziyyət çəkənlər qan verə bilməz?
Həkim bildirib ki, donor ola bilməyən şəxslər iki qrupa ayrılır: xronik xəstəliyi olan şəxslər və şəkərli diabet, astma, epilepsiya, qanama diatezi kardiovaskulyar problemi olan, sistemik xəstəliyi olanlar. Eləcə də, infeksion xəstəliyi, hepatit virusu, AİDS-ə yoluxmuş şəxslər donor kimi qəbul olunmurlar. Bundan əlavə, alkoqol qəbul edənlər, narkotik, psixotrop və digər güclü təsir edən maddələrin istifadəçiləri, həmçinin hamilə və südverən analar da donorluq üçün uyğun deyillər.

Tehsil-press.az

Oxşar xəbərlər