DİM: İxtisas seçimində müsabiqə vəziyyətinin reallıqları nəzərə alınmalıdır

DİM: İxtisas seçimində müsabiqə vəziyyətinin reallıqları nəzərə alınmalıdır Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. İxtisas seçimi bütün qruplar üzrə avqustun 16-dan 28-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyent” 4 jurnalından seçməklə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər, müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 2 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansı biri və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin başlanması ilə əlaqədar mətbuat konfransı keçirib. O bildirib ki, ixtisas seçimi zamanı düzgün qərar qəbul etmək abituriyentin qarşısında duran ən əhəmiyyətli məsələdir. Bu zaman mövcud müsabiqə vəziyyəti, abituriyentin imtahan nəticələri, onun istəyi, ailənin imkanları nəzərə alınmalıdır. İlk növbədə, hər kəs bu məsuliyyəti dərk etməli və şəxsən özü öz seçimini etməlidir.
“Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük. Sanki mövsüm gələndə hamı mütəxəssisə çevrilir... Lakin təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil. Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burada qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir.
Ola bilsin siz bu il zəif hazırlaşmısınız və istədiyiniz yerə qəbul ola bilməmisiniz. Bu son deyil axı. Siz yenə də hazırlaşıb ali məktəbə qəbul ola bilərsiniz. Bu mərhələdə də biz sizə dəstək verməyə hazırıq. DİM-in e-psixoloq.az portalı var. Orada siz həm psixoloji dəstək ala bilərsiniz, həm də təhsil karyeranız, istək və bacarıqlarınıza uyğun peşələrin müəyyən edilməsi üçün psixoloji testlərdən keçə bilərsiniz. Bu imkanlardan yararlanmaq lazımdır”, - deyə Məleykə Abbaszadə bildirib.
DİM-in Direktorlar Şurasının sədri deyib ki, ixtisas seçimi ailə çərçivəsində müzakirə olunmalıdır. Valideynlə ödənişli və ya dövlət sifarişli yerləri yazmaqda məsləhətləşmək lazımdır. Yaxud hansı regionda yerləşən universiteti yazmağı seçəndə orada oxumaq, qalmaq imkanları abituriyentə ən yaxın insanlarla müzakirə olunmalıdır.
Ona görə də hər kəs öz strategiyasını müəyyən etməlidir. Burada iki növ strategiya ola bilər. Birinci halda abituriyentlər yalnız konkret ixtisası seçirlər. Bu il alınmasa, gələn il də cəhd etmək olar. Əsas odur ki, abituriyent məqsədinizdən dönməsin. Müsabiqə vəziyyətinin reallıqlarını da nəzərə alıb qərar vermək lazımdır. İkinci halda isə abituriyentlərin hansı ixtisasda və ya ali məktəbdə oxumasının heç bir fərqi olmadığını görürük. Onların məqsədi yalnız ali məktəbə qəbul olmaq olur.
“İxtisas seçimi zamanı 15 kodu, yəni ixtisası ərizəyə daxil etmək imkanı verilir. Kimsə 1, kimsə 5, kimsə də bütün yerləri yaza bilər. Əsas odur ki, bu ardıcıllıq istəyin azalması istiqamətində olsun. Yəni siz ən çox istədiyiniz ixtisası birinci yerdə yazmalısınız. İstəmədiyiniz ixtisası ilk yerlərdə yazsanız və həmin ixtisasa qəbul olsanız, müsabiqədən sonra balınızın daha çox istədiyiniz, amma daha aşağı yerlərdə yazdığınız ixtisasa çatdığını görəndə artıq gec olacaq. Amma nəzərə alınmalıdır ki, müsabiqə zamanı üstünlük yalnız imtahan nəticəsinə verilir, yəni müsabiqə zamanı daha yuxarı bal toplayan abituriyent hər hansı ixtisası sonuncu yerdə yazsa belə o, həmin ixtisası birinci yerdə yazan, lakin daha aşağı bal toplayan abituriyentdən üstün olur.
Texniki olaraq bu sadə bir prosedurdur. Sizə lazım olan bütün vəsaitlər artıq dərc olunub. Plan yerləri “Abituriyent” 4 jurnalında, ixtisas seçimində faydalı ola biləcək ötənilki keçid balları isə “Abituriyent” 2 jurnalında çap olunub. Hər ixtisas qrupu üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli”? vəsaitlərində isə abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması var. Müqayisə etmək üçün həmin kitabçaların 2021-ci il buraxılışı da saytımızın Bakalavriat - Faydalı bölməsinə yerləşdirilib. Burada müqayisə zamanı ümumi məntiq ondan ibarətdir ki, abituriyentlərin sayı artıqda keçid ballarının yuxarı, azaldıqda isə daha aşağı formalaşmaq ehtimalı olur. Plan yerlərinin sayı də həmçinin. Artmağı və azalmağı müvafiq olaraq keçid ballarına təsir edə bilər”, - deyə Məleykə Abbaszadə bildirib.
Qeyd olunub ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Burada çalışan işçilərə DİM-in məsul əməkdaşları tərəfindən təlim keçirilib və hər hansı problem yarandığı təqdirdə onlar bilavasitə DİM-ə müraciət etmək imkanına malikdirlər.
DİM-in Direktorlar Şurasının sədri deyib: “Gəlin bəzi rəqəmlərə diqqət yetirək. Bu il tam orta təhsil bazasından məzun olanların sayı 92 min 699 nəfərdir. Ötən il bu rəqəm 83 min 29 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var.
Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 min 881 plan yeri ayrılıb. Ötən il plan yeri 49 min 998 idi. Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23 min 627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur.
Bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir, lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq fərqli müsabiqə vəziyyətinin yarandığını görürük. Məsələn, I ixtisas qrupunda 16419 plan yeri ayrılıb. Müsabiqədə iştirak etmək hüququ olanlar isə 19 min 30 nəfərdir. İkinci qrupda isə 12 min 232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9 min 804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var.
“Abituriyent” jurnalının 4-cü nömrəsində 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu təqdim olunub.
Xatırladaq ki, ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər. Yeri gəlmişkən həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10 min 620-dir. Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər də iştirak edə bilərlər.
I və IV ixtisas qruplarında kənd təsərrüfatı profilli ixtisaslar üzrə (I qrupda 1060 yer, IV qrupda 400 yer, ümumilikdə 1460 yer) həm dövlət sifarişi əsasında, həm ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.
Bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20 min 229 subbakalavr müraciət edib. Ötən il 19 min 295 nəfər ərizə təqdim etmişdi. Ötən il 6 min 810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur.
Qeyd olunub ki, avqustun 15-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb. Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub. Qəbul olunan şəxslər 18 avqust 10:00-dan 30 avqust saat 23:59 dək elektron qaydada https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər.
9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyat avqustun 17-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər