Uğurların memarı

Uğurların memarı Prezident İlham Əliyevin təhsil siyasəti ölkəmizin parlaq gələcəyinə hesablanıb
Müasir qloballaşma dövründə hər bir ölkənin inkişafı insan kapitalının formalaşmasından keçir. Azərbaycan dövlətinin son illər həyata keçirdiyi uğurlu təhsil strategiyasının əsasında da məhz bu reallıq durur. Bu gün Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən qayğı ən yüksək səviyyədədir. Təhsil sahəsində həyata keçirilən islahatlar və onların uğurlu nəticələri, ilk növbədə, ölkəmizin dayanıqlı inkişafına, iqtisadi qüdrətinin güclənməsinə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin son 18 ildə bütün sahələrdə olduğu kimi, təhsilə ayırdığı yüksək diqqət və qayğının nəticəsdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyası çərçivəsində uğurla davam və inkişaf etdirilməkdədir.
Biz son illərdə Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu siyasətin yalnız bir qismini sadalamaqla ölkəmizin tərəqqisi naminə görülmış genişmiqyaslı işlərə qısa nəzər salırıq.
Yeniləşən təhsilimiz
Prezident İlham Əliyev təhsil sahəsinin yenilənməsi və təkmilləşməsini dövlət siyasətinin əsas prioriteti elan etmişdir. “Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir” deyən dövlət başçısının bu sahədə məqsədyönlü fəaliyyəti, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət etmişdir. Son 10 ildə dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilmiş, dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artmışdır. Ölkə Prezidentinin imzaladığı müvafiq sərəncamlara əsasən, ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilmiş, ölkədə 3500-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Eyni zamanda geniş bazaya malik təhsil infrastrukturu yaradılmış, məktəblərimizin maddi-texniki bazası yeni İKT avadanlıqları ilə təmin edilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı vəziyyətdə olan məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmişdir. Bu isə regionlarda təhsilin əlçatanlığını xeyli dərəcədə yaxşılaşdırmışdır. Dünyanı bürümüş koronovirus pandemiyası dövründə də məktəblərin tikintisi davam etdirilmişdir. Ölkə başçısı bu dövrdə paytaxt Bakı ilə yanaşı, bir sıra regionlarda yeni təhsil müəssisələrinin, eləcə də modul tipli məktəblərin tikintisi ilə bağlı çoxsaylı sərəncamlar imzalamış və həyata keçirdiyi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları dayanır” prinsipinə sadiqliyini nümayiş etdirmişdir.
Şübhəsiz ki, dövlət başçısı tərəfindən qəbul olunmuş qərarlar məktəb infrastukturunun yaxşılaşdırılması ilə yanaşı təhsilin keyfiyyətinin yüksəldilməsi kimi mühüm vəzifəni də təmin etmişdir. “Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır... Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”. Ölkə Prezidentinin bu fikirləri son illərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mütərəqqi dəyişikliklərin mahiyyətini ortaya qoyur.
Prezident İlham Əliyevin təhsil siyasətində müəllim əməyinin stimullaşdırılması xüsusi önəm daşıyır. Ümumiyyətlə, təhsil işçilərinin sosial-maddi vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Ölkə başçısının imzaladığı müvafiq sərəncamlara uyğun olaraq dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə, 2022-ci il yanvarın 1-dən isə orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılmışdır. Bütün bu tədbirlər həm də ölkədə müəllim nüfuzunun yüksəlməsinə xidmət edən keyfiyyət dəyişiklikləri kimi də qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin bu sahədə müvafiq sərəncamları məktəb kollektivləri, müəllimlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır, təlim-tərbiyə işinin daha da yaxşılaşmasına öz töhfəsini verir.
Rəqabətə davamlı ali təhsilimiz
Müasir dövrdə yüksək hazırlıqlı insan kapitalının formalaşdırılması hər bir ölkənin dayanıqlı inkişafının əsasını təşkil edir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil etmişdir. Belə ki, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirilmiş, onların sayı 2003-cü ildəki 46-dan hazırda 51-ə, təhsilalanların sayı isə 120 mindən 171 minə çatdırılmışdır.
Yüksək keyfiyyətli ali təhsil verən və ən müasir tələblərə uyğun ADA Universiteti, Bakı Ali Neft Məktəbi, həmçinin dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi qocaman ali məktəblərin Bakı filialları yaradılmışdır.
Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlamışdır.
Gənclərin zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 4 min nəfərdən artıq Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində ali təhsil almaq hüququ qazanmışdır. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlayan gənclər Azərbaycana qayıdaraq hazırda müxtəlif müəssisə və təşkilatlarda əmək fəaliyyətinə başlayaraq ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər.
Qloballaşan dünyada ali təhsil sisteminin qlobal rəqabətliliyinin gücləndirilməsi mühüm faktor kimi çıxış edir. Bu sahədə müasir çağırışlar nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən 16 noyabr 2018-ci il tarixində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılması, insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsi, ümumən ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiyyətli etmişdir.
Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır. Bu strateji vəzifə nəzərə alınaraq Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Ölkə başçısının 30 sentyabr 2021-ci il tarixli “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncamı isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsinin müasir çağırışlar dövründə İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının təhsillə əhatənin və əlçatanlığın artırılması, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə yönəlmişdir.
Bu illər ərzində həssas əhali qrupuna aid vətəndaşların ali təhsil imkanlarının yaxşılaşdırılması da daim ölkə başçısının diqqət mərkəzində olmuşdur. Məhz yüksək dövlət qayğısının nəticəsidir ki, Prezident İlham Əliyev əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalamışdır. Ölkəmizdə vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmış bu qərar sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək kimi qiymətləndirilmişdir.
Milli tərəqqinin yeganə yolu
Məlumdur ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Prezident İlham Əliyev insan kapitalının inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən islahatlar son illərdə Azərbaycan təhsilində keyfiyyət dəyişikliklərinin əsasını qoymuşdur. Güclü və dinamik inkişaf edən Azərbaycanda yüksək intellektli kadrların hazırlanması işinə öz töhfələrini verən dövlət strategiyasının qəbulundan keçən illər ərzində təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək məqsədyönlü təşəbbüslərə start verilmişdir.
Məlumdur ki, məktəb mühiti ölkəmizdə sağlam, vətənpərvər gəncliyin yetişdirilməsində xüsusi önəm daşıyır. “Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli-mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar”. Azərbaycan məktəbi, müəllimi dövlət başçısının bu çağırışına cavab olaraq özünün fəaliyyətində yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm vermişdir.
Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti nəticəsində məktəblərimizdə formalaşan vətənpərvər gənclər 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək xalqımıza Böyük Zəfərin sevincini yaşatmaqla hazırda düşməndən azad olunan torpaqlarımızda davam etdirilən bərpa-yenidənqurma işlərində də öz töhfələrini verirlər.
Beləliklə də Prezident İlham Əliyev öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olmuşdur. Dövlətimizin başçısı demişdir: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”.
Möhtərəm Prezidentimizin bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsasını təşkil edir, milli tərəqqinin yeganə yolunun təhsildən keçdiyini əyani surətdə göstərir.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər