Azərbaycanda təhsilin inkişafı hər zaman diqqət mərkəzindədir

Azərbaycanda təhsilin inkişafı hər zaman diqqət mərkəzindədir Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.
Bu fikirləri təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib. O bildirib ki, hazırda ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Hətta son iki ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmadı. 2020-ci ildə ölkə üzrə 34 təhsil müəssisəsində tikinti, bərpa-gücləndirmə və əsaslı təmir işləri görüldü, 60 modul tipli məktəb quraşdırıldı. 2021-ci ildə isə ölkəmizdə ümumilikdə 69 təhsil müəssisəsinin, o cümlədən 28 məktəbin və 1 peşə liseyinin tikintisi, 9 məktəbin əsaslı təmiri, 19 regionda 2232 yerlik 31 modul tipli məktəbin quraşdırılması başa çatdırılıb. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir.
Heydər Əliyev Fondu da Azərbaycanda təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məktəblərin tikilməsi, əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində layihələr həyata keçirir. Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından əhəmiyyətə malik bir sıra layihələr uğurla gerçəkləşdirilib. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Ümumilikdə 2003-2021-ci illər ərzində Fond tərəfindən 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 76 faizini təşkil edir.
“Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”, - deyə Qoşqar Məhərrəmov vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər