Livan hər an qaranlığa qərq ola bilər

Livan hər an qaranlığa qərq ola bilər Livan hökuməti ölkənin tamamilə qaranlığa qərq olması təhlükəsi yaradan elektrik böhranını həll etmək üçün zamanla yarışdığını bəyan edib.
Livanın “Electricity” kommunal xidməti paytaxt Beyrutun hava limanında, xəstəxanalarda və prezident sarayında işıqların sönməsinin qarşısını almaq üçün son resurslardan istifadə etdiyini açıqlayıb. Bunun səbəbi isə qazla işləyən Əl-Zəhrani elektrik stansiyasının fəaliyyətini dayandırmasıdır. Bundan başqa, qaranlığa qərq olmuş Rumi penitensiar müəssisəsində olan məhbusların ailələri Baalbekdə etiraz əlaməti olaraq yolu bağlayıblar. Onlar bildiriblər ki, qaranlıqla yanaşı, iaşə şirkətləri həbsxanaları təchiz etməyi dayandırıb və onların yaxınları ac qalıblar.
Hazırda Livanın müvəqqəti hökumətinin başçısı Nəcib Mikati energetika naziri Valid Fayada alternativ enerji mənbələri tapmağı tapşırıb. Belə ki, qazla işləyən istilik elektrik stansiyaları dizel yanacağına keçirilməlidir. Livan hökuməti bu yanacaq növü ilə işləyəcək Əl-Zəhrani stansiyasının 40 meqavatlıq elektrik enerjisini hava və dəniz limanları, Rumi həbsxanası, su nasosları, kanalizasiya sistemi, Livan Universiteti, parlament, hökumət qərargahı və prezident sarayının tələbatına yönəldəcək. İraqdan bu ölkəyə göndərilən LNG və neft tankerlərinin isə bir ay müddətinə Beyrut limanına çatacağı gözlənilir.
İordaniyadan elektrik enerjisi və Misirdən təbii qaz nəqlinin nə vaxt başlayacağı isə məlum deyil. Bundan başqa, Dünya Bankı Livana kredit ayrılması üçün yeni şərtlər irəli sürüb, həmçinin enerji tariflərinin artırılmasını tələb edib.
Livanın telekommunikasiya sektoru da ağır problemlərlə qarşılaşıb. Telekommunikasiya naziri Conni Korm bildirib ki, əhaliyə xidmət göstərmək üçün başqa variant yoxdur və o, elektrik stansiyalarına güvənmir.

Tehsil-press.az



Oxşar xəbərlər