Nazir: Gürcüstanda əlavə SES-lər tikilməsə ölkədə elektrik enerjisi tarifləri qalxacaq

Nazir: Gürcüstanda əlavə SES-lər tikilməsə ölkədə elektrik enerjisi tarifləri qalxacaq Gürcüstan ərazisində əlavə su elektrik stansiyaları (SES) tikilməsə ölkədə elektrik enerjisi tarifləri qalxacaq.
Bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib: “Yaxın vaxtlarda elektrik enerjisi tariflərinin artımı gözlənilmir. Lakin yaxın illərdə SES-lərin tikintisinə başlamasaq ölkənin elektrik enerjisi idxalı əsaslı surətdə artacaq və bu da tariflərin qalxmasına səbəb olacaq. Ona görə ki, tariflər bizim hökumətin deyil, başqa ölkələrin daxili siyasətindən asılı olacaq”.
Onun sözlərinə görə, hökumət SES-lərin tikintisinin davam etdirilməsini planlaşdırır. Bununla yanaşı, hökumət ətraf mühitə ziyan vurmadan kiçik elektrik stansiyalarının tikintisini də nəzərdən keçirir.
Gürcüstan Elektrik Enerjisi Bazarı Operatorunun (ESCO) məlumatına görə, bu ilin yanvar–avqust aylarında 8,6 milyard/saat elektrik enerjisi istehlak olunub. Bunun da 8,3 milyard kilovat/saatı ölkədə istehsal olunub. Qalan hissəni isə Gürcüstan qonşu ölkələrdən alıb.
Son illər Gürcüstanda elektrik enerjisinə tələbat xeyli artıb. 2016-cı ildən 2018-ci ilədək elektrik enerjisi istehlakı 6 faiz çoxalıb. Yerli istehsalın həcmi isə 5 faiz artıb. Nəticədə Gürcüstanın qonşu ölkələrdən aldığı elektrik enerjisinin həcmi 3 dəfə çoxalıb.

Tehsil-press.az

Oxşar xəbərlər