Türkiyənin Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələri qurulur

Türkiyənin Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələri qurulur Xəzər Universitetinin Həyat elmləri departamentinin əməkdaşları ilə Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Universitetinin Baytarlıq fakültəsinin əməkdaşları arasında onlayn görüş keçirilib.
Qafqaz Universitetinin prorektoru professor Engin Kılıç, Baytarlıq fakültəsinin dekanı professor Mete Cihan, dekan müavini professor Cihan Kaçar və beynəlxalq əlaqələr üzrə koordinatoru professor Hacıali Nəcəfoğlu iştirak edib.
Görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova hər iki ali təhsil müəssisəsi arasında baytarlıq təbabəti istiqamətində birgə tədqiqatların aparılmasının vacibliyini bildirib. Rektor layihələrin icrası və digər məsələlər üzrə əməkdaşlığın qurulmasının əhəmiyyətini və bunun üçün, ilk növbədə, birgə əməkdaşlıq üzrə memorandumun imzalanmasının vacibliyini vurğulayıb.
Baytarlıq təbabəti üzrə koordinator biologıya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov baytarlıq təbabəti üzrə təhsilin keyfiyyətinin daha da artırılması məqsədilə Xəzər Universitetinin nəzdində baytarlıq klinikasının qurulmasının vacibliyini qeyd edib. O, müvafiq istiqamətdə Qafqaz Universitetinin təcrübəsinə ehtiyac olduğunu vurğulayıb.
Qafqaz Universitetinin alimləri də qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirərək, bu işdə dəstək göstərəcəklərini bildiriblər.
Müzakirə zamanı Qafqaz Universitetinin müəllimləri tərəfindən Xəzər Universitetinin baytarlıq təbabəti üzrə təhsil alan tələbələrinə dərslərin keçirilməsi, yüksək nəticə göstərən tələbələrin müəyyən müddətdə Qafqaz Universitetində ikili diplom əsasında təhsil almaları, təcrübə keçmələri, birgə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi və s. məsələlərə dair ilkin razılığa gəlinib.

Tehsil-press.az

Oxşar xəbərlər