Ən müqəddəs peşənin daşıyıcıları

Ən müqəddəs peşənin daşıyıcıları Dünyada yüzlərlə sənət, peşə var. Hər biri də özünəməxsus xüsusiyyəti, özəlliyi ilə seçilir. Dövr, zaman nə qədər dəyişsə də, yeni-yeni peşələrə ehtiyac yaransa da, heç bir zaman dəyişməyən, dəyərini, nüfuzunu itirməyən, bütün peşələrin fövqündə dayanan bir peşə var ki, o da müəllimlikdir. Bütün peşə sahiblərini, hətta müəllimin özünü belə yetişdirən, öyrədən, onların üzünə elm, bilik xəzinəsinin qapılarını açan müəllimdir. Bax, elə buna görə də müəllimlik müqəddəs peşə, müəllim isə cəmiyyətin xilaskarı, təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Bu məsuliyyətli vəzifənin daşıyıcıları xalqın gələcəyi üçün layiqli vətəndaş, yüksək mədəniyyətə, intellektə, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirən insandır. Cəmiyyətin parlaq gələcəyi məhz müəllimin əlindədir.
Bu fikirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın “Ən müqəddəs peşənin daşıyıcıları” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Oktyabrın 5-i müəllimlərin peşə bayramıdır. 1966-cı il oktyabrın 5-də UNESCO Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərar verib. Həmin tarixdən etibarən oktyabrın 5-i dünyanın 100-dən artıq ölkəsində müəllimlərin peşə bayramı qeyd olunur. Ölkəmizdə isə 1993-cü ildən - Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 5 oktyabr əlamətdar gün kimi təqvimimizdə yer alıb. Hər il bu müqəddəs peşə sahiblərinin günü böyük sevgi və minnətdarlıq hissi ilə qeyd edilir.
Ümummilli Liderin söylədiyi, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamı müəllim adının ən gözəl ifadəsidir. Bu peşənin sahiblərinə verdiyi dəyəri həm də əməli fəaliyyəti ilə sübut edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirir, onlara böyük hörmətlə yanaşır, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.
Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə diqqət və qayğının artırılması Ümummilli Liderin təhsil sahəsində apardığı siyasətin məntiqi davamıdır. Respublikamızda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olub və proses bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin təhsilimizin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğının nəticəsidir ki, Azərbaycanda müəllimlərin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Bu gün təhsilin dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilməsi, Azərbaycan təhsil sisteminin ümumbəşəri dəyərlər, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılması təhsilə, məktəbə, müəllimə verilən ali dəyərin göstəricisidir. Ötən gün Prezident İlham Əliyevin bir qrup təhsil işçisinin “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında imzaladığı Sərəncam peşə bayramlarında müəllim əməyinə verilən ən ali dəyər, ən gözəl hədiyyə idi.
Xüsusilə qeyd etməliyik ki, son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsilin keyfiyyətinə müsbət təsir göstərib. Prezident İlham Əliyevin bir müddət öncə imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Sərəncamı təhsilverənlərin stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşımaqla, həm də təhsil işçilərinə göstərilən böyük etimaddır. Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilməsi, vəzifə maaşlarının artırılmasına bu tərzdə diferensial yanaşmanın tətbiqi, sözsüz ki, keyfiyyət göstəricilərinə də müsbət təsir edəcək.
Digər bir önəmli məsələ məktəblərin müasir tələblər səviyyəsində qurulması, müəllim və şagirdlər üçün hər cür şəraitin yaradılmasıdır ki, bu da dövlətin daim diqqətindədir. “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər yaxşı məktəblərdə işləməlidirlər”,- deyən dövlətimizin başçısı bu istiqamətdə öz qayğı və dəstəyini əsirgəmir. Hər il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yeni tikilən məktəblərin açılışında iştirakı, təhsil ocaqlarının təmiri və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlığı, məktəb kollektivlərinə tapşırıq və tövsiyələrini verməsi də dövlət tərəfindən bu sahənin hər zaman qayğı və diqqətlə əhatə olunmasından xəbər verir.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə övladlarımızın təlim-tərbiyəsi ilə 28 mindən çox müəllim məşğul olur. Onlar gələcəyimiz olan uşaqlara savad, bilik və bacarıqlar vermək kimi şərəfli bir vəzifəni icra edirlər. Gələcəyimiz üçün layiqli vətəndaş yetişdirmək, ölkəmizin uğurlu inkişafına xidmət edəcək şəxsiyyətləri formalaşdırmaq kimi mürəkkəb və şərəfli missiya məhz müəllimin çiyinlərindədir. Cəmiyyətimiz gənc nəslin formalaşması, əsl vətənpərvər kimi yetişməsi işini müəllimlərə etibar etdiyi kimi hər bir müəllimin də dövlət və cəmiyyət qarşısında öhdəlikləri var. Ona göstərilən bu etimad müəllimlərin məsuliyyətini daha da artırır. Cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir. Müəllim öyrədən şəxs olmaqla bərabər, həm də özü daim öyrənən, daim elmi-metodik axtarışlarda olan, yeni dövrün çağırışlarına cavab verə bilən, dərin bilikli, mənəvi-etik keyfiyyətlərə, yeni texnologiyalardan istifadə bacarığına malik şəxs olmalıdır.
Bu gün müəllimlərə standartlarla işləməyi öyrətmək, təhsildə təhlil və tədqiqatyönlü işlərin aparılmasını sürətləndirmək vacib məsələlərdəndir. Təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac var. Yeri gəlmişkən qeyd edim ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanları, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi son dövrlər təhsil sahəsində aparılan genişmiqyaslı islahatların nəticəsidir. Əlbəttə ki, sertifikasiya nəticəsinin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri olduqca böyükdür.
Sözsüz ki, hər birimizin taleyində bir müəllimin izi, uğurlarımızın arxasında onların illər boyu çəkdikləri gərgin zəhmət var. Tutduğu mövqedən, statusundan asılı olmayaraq hər kəsin əməyi, fədakarlığı qarşısında baş əydiyi bir öyrədəni, onun şəxsiyyət kimi formalaşmasında rolu olan müəllimi mütləq var. Kiçik bir nümunə çəkim. Məktəbdə qol saatını itirən uşaqlardan biri öz sinif yoldaşlarından şübhələnir və müəlliminə yaxınlaşaraq vəziyyəti ona izah edir. Müəllim saatı oğurlayanın kimliyini müəyyən etmək üçün şagirdləri lövhəyə çıxararaq üzlərini divara tərəf çevirmələrini və gözlərini yummağı tapşırır. Bundan sonra şagirdlərin ciblərini yoxlamağa başlayır. Saatı tapıb səssizcə stolun üzərinə qoyur və saatı oğurlayan şagirdin üzünə baxmadan dərsinə davam edir. Hadisədən illər keçir, şagirdlər böyüyüb hər biri bir sənət, peşə sahibi olur. Bir gün saatı oğurlayan şagird müəllimi ilə rastlaşır və müəlliminə “Saatı oğurladığım halda mənə bir kəlmə söz demədən, üzümə vurmadan məsələni səssizcə həll etdiniz”. Müəllim təmkinini pozmadan “O anda mən də gözlərimi yummuşdum”, - deyə cavab verir. Müəllimlik peşəsinin müqəddəsliyini ifadə etmək üçün çəkdiyim bu misal məncə hər şeyi deyir. Müəllim nöqsanları qabartmadan, ancaq sevgi və qayğı ilə tərbiyə edən, insan formalaşdıran, vətəndaş yetişdirən nadir və müqəddəs peşə sahiblərindəndir.
Bir daha peşə bayramlarında bütün müəllimlərimizi xoş duyğularla yada salır, bu fədakar peşənin daşıyıcılarını təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə çəkdikləri zəhmətin töhfəsini hər zaman görməyi arzu edirəm.

Tehsil-press.az



Oxşar xəbərlər