UNEC-də beynəlxalq ekspertlərin iştirakı ilə “yaşıl” iqtisadiyyatla bağlı müzakirələr aparılıb

UNEC-də beynəlxalq ekspertlərin iştirakı ilə “yaşıl” iqtisadiyyatla bağlı müzakirələr aparılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans oktyabrın 14-də işini davam etdirib.
Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən plenar iclasda professor Qorxmaz İmanov, konfransın sədri professor Cemal Zehir, Türkiyənin əmək və sosial müdafiəsi nazirinin müavini professor Lüftihak Alpkan və daxili işlər nazirinin müavini professor Eyyüp Sabri Erdil, UNEC “Enerji iqtisadiyyatı” mərkəzinin rəhbəri professor Elşən Hacızadə, Rusiya Humanitar Universitetinin professorları və başqaları çıxış ediblər.
“Azərbaycanın ekoloji sivilizasiya səviyyəsinin indeksinin qiymətləndirilməsinə qeyri-səlis yanaşma”, “Yaşıl liderlik idarəetməsi və təcrübəsi”, “Yaşıl energetikanın qlobal trendləri və Azərbaycan reallıqları” və digər mövzuların müzakirə olunduğu iclasda qaldırılan problemlərin həlli yolları barədə təkliflər səsləndirilib.
Konfrans panellərlə davam edib.
Azərbaycanın və digər ölkələrin dövlət və özəl qurumlarının rəhbərlərinin, elm və təhsil nümayəndələrinin iştirakı ilə keçirilən panel iclaslar “Yaşıl insan resursları, yaşıl universitet”, “Yaşıl sağlamlıq, yaşıl şəhər, ekologiya vergisi”, “İşğaldan azad edilmiş ərazilərdə yaşıl iqtisadiyyat potensialı” mövzularında olub. İştirakçılar mövzu ilə bağlı elmi araşdırmaları ilə çıxış ediblər.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü və fəxri sədrliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi, UNEC, Yıldız Texniki Universiteti, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər