İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilir

İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransının açılış mərasimi olub.
Açılışdan öncə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Beynəlxalq elmi konfransın açılış mərasimində Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, alim və tədqiqatçılar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov UNEC-in iki gün öncə əldə etdiyi yeni uğuru iştirakçılarla bölüşüb. U-Multirank reytinq təşkilatının açıqladığı dünya universitetlərinin 2022-ci il reytinqində UNEC-in 251-300-cü yerə yüksəldiyini, Asiya universitetləri arasında 18-ci ən yaxşı nəticəni göstərdiyini, iqtisadiyyat fənni (subject ranking) üzrə dünyada 151-200-cü yerdə qərarlaşdığını diqqətə çatdıraraq qürur duyduğunu bildirib.
Rektor hər il keçirilən və dünyanın müxtəlif ölkələrinin tədqiqatçılarını bir platformada toplayan konfransa marağın ildən-ilə artdığının sevindirici hal olduğunu deyib. Qeyd olunub ki, 27 ölkədən təqdim olunan 613 tədqiqat işindən 270-i konfransda məruzə olunmaq üçün qəbul edilib. Konfrans çərçivəsində “Scopus” platformasında nəşr üçün 99, “Yaşıl iqtisadiyyat və yaşıl maliyyə” kitabı üçün 42, Qarabağın iqtisadiyyatı ilə bağlı kitabda nəşr üçün 99, beynəlxalq elmi jurnalda nəşr üçün 76, konfrans məruzələr kitabında nəşr üçün 298 tədqiqat işi göndərilib. İşğaldan azad olunan bölgələrin iqtisadi potensialı ilə bağlı seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi” adlı 3 kitab nəşr olunub.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkənin iqtisadi inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, elm və təhsilin inkişafı istiqamətində qəbul edilən dövlət proqramlarından söz açıb. Dünya iqtisadiyyatının və elminin qarısında duran vəzifələrə toxunan nazir müavini “yaşıl” iqtisadiyyata keçid, alternativ enerji ehtiyatları, “yaşıl” iqtisadiyyatın inkişafının vacibliyinə diqqət çəkərək, bu istiqamətdə ali təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyətin düşdüyünü deyib. O, konfransa təqdim olunan məqalələrin və müzakirə mövzularının ölkəmizin, eləcə də dünyanın gələcək inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.
“PAŞA Holding” Şirkətlər Qrupunun baş iqtisadçısı Elman Eminov əmək bazarında baş verən dəyişiklər və ali təhsil müəssisələrinin bu istiqamətdə rolundan danışıb. Holdinq rəsmisi Azərbaycan əmək bazarında xaricə axının müşahidə olunduğuna diqqət çəkərək, bu sahədə ali təhsil müəssisələrinin rolunun, eləcə də biznes strukturların sosial məsuliyyətinin artdığını deyib. O, “PAŞA Holding”lə UNEC-in əməkdaşlığının daha da yüksələcəyini bildirib.
Konfrans “Təhsil, elm, innovasiya və sahibkarlıq” mövzusunda panel çıxışlarla davam edib.
Çıxışlardan sonra konfransın əsas iştirakçılarına təşəkkür plaketləri təqdim olunub.
Beynəlxalq konfransın ikinci hissəsində “Dairəvi iqtisadiyyat və yaşıl artımın maliyyələşdirilməsi” mövzusunda panel müzakirələr aparılıb. Paneldə bu sahədə dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan UNEP ilə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Beynəlxalq Bankı, “Təmiz Şəhər” ASC, “McDonald`s” kimi qurumların aparıcı mütəxəssisləri iştirak ediblər.
Konfrans çərçivəsində UNEC tələbələrinin əl işlərindən ibarət “Qarabağ Azərbaycandır” adlı sərgini, eləcə də tələbələrin canlı heykəltəraşlıq nümunəsini iştirakçılar böyük maraqla izləyiblər.
İyunun 26-dək davam edəcək konfransda dünyanın müxtəlif ölkəsindən 50-yə yaxın mütəxəssisin, dövlət, özəl sektor və ali təhsil müəssisələrinin mütəxəssislərinin iştirakı ilə 12 vorkşop təşkil olunacaq. Vorkşoplarda universitet-sənaye iş birliyi, biznes idarəçiliyində “agile” yanaşma, metavers və təhsil, tələbə sahibkarlığı, ali təhsildə rəqəmsal bacarıqlar, enerji amili və davamlı iqtisadi inkişaf, pandemiyanın sosial iqtisadi təsirləri, innovasiya ekosistemi və universitetlər, süni intellekt və iqtisadiyyatda təsirləri, davranış iqtisadiyyatı, səhiyyə menecmenti və rəqəmsal iqtisadiyyat mövzularında maraqlı müzakirələr keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər