“Azərbaycan ictimaiyyəti Fransanın danışıqlarda iştirakının qəti əleyhinədir”

“Azərbaycan ictimaiyyəti Fransanın danışıqlarda iştirakının qəti əleyhinədir” “Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan dövlətin başçısı heç bir halda danışıqlar prosesində iştirak edə bilməz. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini “işğal” kimi qiymətləndirən, Bakıya “işğalçı” deyən Makron bu absurd fikirlərindən sonra hansı vasitəçiliyinə ümid edir?”.
Bunu “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə Fransa Prezidenti Emmanuel Makronun çıxışını şərh edərkən deyib.
O bildirib ki, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın danışıqlar prosesində iştirakının qəti əleyhinədir:
“Tarixi zəfərimiz başa çatdıqdan sonra Azərbaycan bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Avropa İttifaqının bu prosesdə vasitəçiliyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə bir neçə görüşünün keçirilməsi və gələn ay növbəti görüşün nəzərdə tutulması bu danışıqların nəticə verəcəyinə inamdan xəbər verir. Belə ki, Azərbaycanın irəli sürdüyü 5 təklif əsasında sülh müqaviləsinin imzalanacağına ümidlər artıb. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yüksək səviyyədə yerinə yetirir və Ermənistandan da eyni addımları tələb edir. Təəssüflər olsun ki, işğalçı dövlətdə revanşist qüvvələr baş qaldıraraq sülh müqaviləsinin imzalanmasına mane olmağa cəhdlər edirlər. Dövlət başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr «Dəmir yumruğ»u unutmamalıdırlar. Hazırda postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsi ilə bağlı dünya güclərində də fərqli yanaşmalar diqqətdən kənarda qalmır. Bir sıra dövlətlər sözlə əməl birliyini nümayiş etdirərək bölgədə sülhün və təhlükəsizliyin yaradılması prosesinə dəstəklərini göstərməyə çalışır, digər qisim isə, xüsusilə Fransa kimi ermənipərəst mövqeli, hər zaman erməni sevgisini ortaya qoymaqdan çəkinməyən bəzi güclər sözdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı olduqlarını bildirsələr də real addım atmaq zamanı gəldikdə tamamilə fərqli yanaşma ortaya qoyurlar. Bu günlərdə dünyanın diqqəti Praqaya yönələn zaman ənənəyə uyğun olaraq keçirilən üçtərəfli görüşə Fransa Prezidenti Emmanuel Makronun da tərəf kimi qatılması müxtəlif sualların yaranmasına səbəb oldu. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı qərəzli mövqeyi ilə diqqətdən kənarda qalmayan Fransa nədənsə birdən-birə “ədalət donunu” geyinib Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etmək fikrinə düşdü. Maraqlı deyilmi?”.
V.Rəhimzadənin fikrincə, Fransa Prezidenti Emmanuel Makron “France2” telekanalına müsahibəsində səsləndirdiyi fikirləri ilə əslində rəsmi Parisin hansı mövqedə olduğunu bir daha ortaya qoyub: “Makron sözügedən müsahibəsində heç bir konkret fakta əsaslanmayan, absurd fikirləri ilə həqiqəti inkar etməyə çalışdı. Hazırda bütün dünyanın gözü qarşısında baş verən reallıqları yalanları ilə ört-basdır etməyə çalışan Fransa Prezidenti etiraf etdi ki, ölkəsi beynəlxalq hüququn, haqqın-ədalətin deyil, terror dövləti olan Ermənistanın tərəfindədir. Fransa kimi beynəlxalq hüququ maraqlarının arxasında əridən dövlətlərin dəstəyinə arxayınlığın nəticəsi idi ki, Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ müharibəsi dövründə geniş auditoriya qarşısında beynəlxalq hüququn mövcudluğunu şübhə altına alaraq, jurnalistin bununla bağlı sualını gülüşlə qarşılamışdı. Bu, başadüşülən idi. 30 il beynəlxalq hüququ kobud şəkildə pozduğuna, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyinə görə heç bir təzyiqlə üzləşməyən, sanksiyalar tətbiq olunmayan Ermənistana elə gəlir ki, atdığı hər bir addım beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. 30 il qonşu dövlətin 20 faizdən artıq torpağını işğal altında saxlayan bir ölkəyə “gözün üstündə qaşın var” deyilməyibsə, təbii ki, o, beynəlxalq hüququ bu şəkildə başa düşəcək. Təəssüf doğuran budur ki, işğalçı Ermənistana dəstək verən bir qayda olaraq kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçən Fransadır. Belə yanaşma ortaya qoyan Fransa Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik missiyasını necə yerinə yetirə bilər? Məhz buna görə də Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Fransa erməni diasporunun güclü olduğu, erməni lobbisinin proseslərə təsir imkanlarının geniş olduğu ölkədir. Hazırda Fransadakı erməni diasporu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsinin imzalanmasını istəmir. Təsadüfi deyil ki, 30 illik vasitəçilik dövründə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa daim Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin təcavüzkar dövlətin maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib. Elə son proseslər də onu sübut edir ki, Fransa erməni lobbisinə xoş gəlmək üçün hər vasitə ilə bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında optimal variant olan Brüssel formatını pozmağa və təşəbbüsü öz əlinə almağa çalışır. Fransa Prezidentinin Praqa görüşlərində iştirakı da bu kimi məqamlara işıq saldı”.

Tehsil-press.az

Oxşar xəbərlər