İran səfiri Azərbaycan XİN-ə çağırıldı

İran səfiri Azərbaycan XİN-ə çağırıldı İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə, son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin  iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.
Azərbaycanda separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.
İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb.

Tehsil-press.az


Oxşar xəbərlər