İranda nazirə qarşı cinayət işi başlanıldı

İranda nazirə qarşı cinayət işi başlanıldı İranda keçiriləcək Prezident seçkilərində namizəd olaraq göstərilən rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cehromi barəsində cinayət işi başlanılıb.
O, xarici sosial media platformalarına giriş qadağasını tətbiq etməməkdə ittiham edilir. Nazir İran Baş Prokurorluğu tərəfindən başladılan işdən sonra Mədəniyyət və Media Məhkəməsinə çağırılıb.
Cehromi 2012-ci ildə İranın Ali rəhbəri Seyid Əli Xameneinin əmri ilə internet zərərlərinin qarşısını almaq və kiber hücumlardan müdafiəni dəstəkləmək üçün yaradılan Kiber Dünya Ali Şurasının qəbul etdiyi qərarlara məhəl qoymamaqda təqsirləndirilir.
Bildirilir ki, o, giriş blokunun açılmasına imkan verən virtual özəl şəbəkələri (VPN) bloklama barədə göstəriş verməyib.
Qeyd edək ki, İranda tvitter, feysbuk, teleqram və votsap kimi sosial media platformaları və xarici mesajlaşma tətbiqetmələri uzun illərdir giriş üçün bloklanır.

Tehsil-press.az

Oxşar xəbərlər