Fransadan separatizmə açıq dəstək: Əlvida, vasitəçilik - TƏHLİL

Fransadan separatizmə açıq dəstək: Əlvida, vasitəçilik - TƏHLİL Fransa Azərbaycan əleyhinə addımlardan geri çəkilmək niyyətində deyil. Əksinə, bu fəaliyyətin miqyasını daha da genişləndirməklə məşğuldur. Paris açıq-aşkar şəkildə Azərbaycana qarşı düşmən mövqeyi nümayiş etdirir. 30 il ərzində ərazilərimiz işğal altında olarkən keçmiş Minsk qrupunun həmsədri kimi qeyri-konstruktiv fəaliyyətini pərdələmək üçün cəhdlər edən Fransa bu gün daha bunu etməyə lüzum görmür. Çünki artıq bunun bir faydası olmadığını anlayır və necə deyərlər, açıq oynayır. Minsk qrupunun tarixin zibilliyinə qovuşması, vasitəçilik rolunun əlindən çıxması ilə barışmaq istəməyən Paris Azərbaycanın ərzi bütövlüyünə, suverenliyinə açıq hörmətsizlik, Qarabağdakı separatçı tör-töküntülərinə aşkar dəstək nümayiş etdirir.
44 günlük Vətən müharibəsində Fransa Azərbaycanın haqlı mübarizəsinin əleyhinə çıxan ölkə kimi tarixə düşüb. Bunu Azərbaycanda, eləcə də Azərbaycana dost olan ölkələrdə yaxşı bilirlər. Fransanın həm 44 günlük müharibədə, həm də müharibədən sonra atdığı addımlar Azərbaycan xalqının yaddaşında özünə əbədi yer eləyib. Artıq bundan sonra Fransa Azərbaycanda heç vaxt dost kimi qəbul edilib, xatırlanmayacaq.
Müharibədən sonra Fransa Senatında və Milli Assambleyada Azərbaycanın əleyhinə silsilə qətnamələr qəbul etməklə kifayətlənməyən Fransa Qarabağda müvəqqəti olaraq Rusiya sülhməramlılarına sığınmış separatçı tayfanın başçısı Araik Arutunyana da qucaq açıb, onun səfərini təşkil edib. Araik Arutunyan digər separatçı tayfa üzvləri ilə birgə bir neçə gündür, Sena çayının sahillərində fransız qonaqpərvərliyindən bəhrələnməklə məşğuldur.
Fransa beynəlxalq hüququ, siyasi mədəniyyəti, dövlətlərarası münasibətləri ayaq altına alaraq, bir zamanlar Azərbaycan torpaqlarında “mövcud olmuş” quldur rejimin “liderini” səfərə dəvət etməklə, separatizmə açıq dəstək verir.
Bu hərəkət rəsmi Parisin beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı bütün müddəalarına açıq hörmətsizlik nümayiş etdirməsidir.
Belə görünür ki, Fransa hakimiyyəti atdığı addımlara görə cavabdehlik daşımadığına, beynəlxalq hüquq qarşısında dayanmayacağına əmin olduğundan həyasızlığının dozasını artıra-artıra gedir. Amma Paris unutmasın ki, onu da əleyhinə analoji addımlar atmaq üçün kifayət qədər imkan və resurslar var. Korsika xalqı illərdir, azadlığı uğrunda mübarizə aparır, Fransa hakimiyyətinin təzyiqlərindən, basqılarından əziyyət çəkir. Parisin addımları Bakını təhrik edir ki, eyni qaydada Korsika liderini Azərbaycana dəvət edib, burada onun görüşlərini təşkil etsin. Maraqlıdır, Korsika Azadlıq Hərəkatının lideri rəsmi səviyyədə Azərbaycana dəvət edilsə, Fransanın buna reaksiyası necə olar?
Azərbaycan beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığı üçün hələlik belə addımlar atmır. Amma Fransanın təxribatları davam edərsə, rəsmi Bakı təxribatçıya öz dilində cavab verməlidir. Çünki Parisin addımlarının qarşılığında başqa çıxış yolu qalmır.
Maraqlıdır, Fransa quldurbaşı Araiki hansı statusda qəbul edir? Görəsən, əsrlərə söykənən tarixə malik Fransa dövləti heç bir statusu olmayan, mövcud olmayan qondarma rejimin “lideri”nə qucaq acmaqla utanmırmı?
Fransada erməni diasporu və lobbisinin oyuncağı olan bəzi senatorlar əqidələrinə sadiq qalaraq Araikin dəstəsinin üzvləri ilə görüşlər keçiriblər. Senatın üzvləri, Azərbaycan əleyhinə fəaliyyətin önündə gələn Valeri Buaye, Patrik Kanner, eləcə də İl-de-Frans regionunun rəhbəri Valeri Pekres və digərləri separatçı dəstəylə həmrəylik nümayiş etdirib, Azərbaycanı qınayan bəyanatlar səsləndiriblər. Bu görüşlərdən bəziləri Senatın binasında təşkil olunub. Separatçı quldur dəstəsini demokratiyanın beşiyi saydıqları Senatın binasında qəbul edib, beynəlxalq hüquq, BMT Nizamnaməsini heçə sayan fransız siyasətçilərinin erməni lobbisindən aldıqları sikkələrin cingiltisi altında rəqs etdikləri aydındır. Əsas düşündürücü məqam rəsmi Parisin buna imkan yaratması, separatizmə dəstək verməsidir.
Fransa Arutunyana qucaq açmaqla, təkcə suverenlik və ərazi bütövlüyü prinsiplərinə arxa çevirmir, həm də özü üçün faciələri nəticələrə gətirib çıxaracaq presedent yaratdığının fərqində olmalıdır.
Yaxşı olar ki, Paris separatizmə dəstək verərək, mövcud olmayan qondarma rejimin “lideri”nə ayırdığı diqqəti Korsika, Yeni Koledoniya xalqlarının haqlı tələblərinə yönəltsin.
Fransa XİN hər nə qədər bu səfərlərin dövlət səviyyəsində təşkil olunmadığını, Senatda və Milli Assambleyada qəbul olunmuş anti-Azərbaycan qətnamələrinin hökumətin mövqeyini əks etdirmədiyini bəyan etsə də, bu nağıllar Azərbaycan üçün çoxdan bitib. Artıq kimin kim olduğu aydındır. Vasitəçilik niyyətindən hələ də əl çəkməyən Parisin Bakını öz sərsəm bəyanatlarına və yalanlarına inandıracağı zaman çoxdan keçib.
Bütün baş verənlərdən sonra separatçı rejimin cinayətkar başçısını leqal rəsmi qonaq kimi qəbul edən Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesində aktiv şəkildə iştirak iddiası, özünü Brüssel prosesinə pərçimləmək cəhdləri siyasi həyasızlıqdan başqa bir şey deyil. Azərbaycan isə heç vaxt Fransanın bu niyyətinin baş tutmasına imkan verməyəcək. Rəsmi Paris, nəhayət, bunu anlamalıdır. Çünki hər şey ortadadır.

Tehsil-press.az



Oxşar xəbərlər