Təhsil Tələbə Krediti Fondu ilə ADA Universiteti əməkdaşlıq edəcək

Təhsil Tələbə Krediti Fondu ilə ADA Universiteti əməkdaşlıq edəcək Təhsil Tələbə Krediti Fondu ilə ADA Universiteti arasında birgə fəaliyyət planının müəyyən edilməsi və qarşılıqlı əməkdaşlıq haqqında memorandum aktı imzalanıb.
Sənədi ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev imzalayıblar.
A.Paşayev Fondun fəaliyyət istiqamətləri, tələbələrə göstərdiyi dəstək barədə məlumat verib. Memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini bildirib və hər iki tərəf üçün müsbət nəticələr gətirəcəyini qeyd edib.
F.İsmayılzadə ADA Universitetində tələbələrə təqdim edilən təhsil təqaüdündən və bu təqaüdün təhsilin inkişafına verdiyi dəstəkdən bəhs edib. Təqaüdün tələbələrin düzgün ixtisas seçiminə müsbət təsir etdiyini və kreditin gəncləri yüksək akademik göstəricilərlə təhsil almağa sövq etdiyini vurğulayıb. Əlavə edilib ki, 2021-2022-ci il ərzində ADA Universitetində 100-dək tələbə Fondun təqdim etdiyi kreditdən yararlanıb.
Memorandum aktının məqsədi ADA Universiteti ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə təhsil tələbə kreditləri haqqında məlumatların daha geniş kütləyə çatması, tələbələrin və valideynlərin təhsil tələbə kreditləri və güzəştləri haqqında daha düzgün məlumatlanması, sosial məsuliyyəti artıran layihələrin icrası, birgə tədbirlərin təşkil edilməsi, ADA tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası sahələrində əməkdaşlıq edilməsinə yönəlmişdir.

Tehsil-press.az



Oxşar xəbərlər