Təhsil Tələbə Krediti Fondu Lənkəranda şagirdlərlə görüş keçirib

Təhsil Tələbə Krediti Fondu Lənkəranda şagirdlərlə görüş keçirib Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev Lənkəran şəhər Heydər Əliyev Mərkəzində maarifləndirici tədbirdə olub.
Tədbirin təşkilində məqsəd XI sinif şagirdlərinin fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov dövlətin təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir.
Sonra TTKF-nin İdarə Heyətinin sədri Araz Paşayev çıxışında fondun fəaliyyəti, təhsil tələbə kreditlərinin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirib. Qeyd edib ki, bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.
Tədbir şagirdlərin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər