ADU-da Ömər Faiq Nemanzadənin 150 illiyi qeyd edilib

ADU-da Ömər Faiq Nemanzadənin 150 illiyi qeyd edilib Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi, Beynəlxalq jurnalistika şöbəsi və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Ömər Faiq Nemanzadənin 150 illiyinə həsr olunmuş “Görkəmli publisist və ictimai xadim” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov böyük şəxsiyyət Ömər Faiq Nemanzadənin ictimai fəaliyyətindən danışıb.
Görkəmli ədibin ictimai-siyasi baxışları, geniş maarifləndirici və publisistik fəaliyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, azərbaycançılıq məfkurəsi Ömər Faiq Nemanzadənin publisistik irsinin başlıca leytmotivini təşkil edib. Fədakar qələm sahibinin doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə apardığı vurğulanıb. Bildirilib ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazıb.
Ədibin nəvəsi Nigar Əzizzadə babası ilə bağlı xatirələrini bölüşüb, tələbələrin suallarına cavab verib.
Qeyd edək ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.

Tehsil-press.az



Oxşar xəbərlər