Hüseyn Cavid Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb

Hüseyn Cavid Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə universitetin rektoru, professor Cəfər Cəfərov xalqımızın mənəvi xəzinəsinin zənginləşməsində Hüseyn Cavidin misilsiz xidmətlərindən danışıb. “Bu böyük mənəvi xəzinəyə sahib çıxmalı, onu qoruyub saxlamalı, gələcək nəsillərə ötürməliyik. Azərbaycanın çox sağlam və bacarıqlı gəncləri var. Bizim əsas vəzifəmiz onları düzgün istiqamətləndirməkdir”, - deyə rektor bildirib.
Universitetin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov tədbirin Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 24 oktyabr tarixli Sərəncamı əsasında təşkil olunduğunu diqqətə çatdırıb.
B. Xəlilov deyib: “Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır”.
Universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İsgəndər Orucəliyev çıxışında Hüseyn Cavidin həyat və fəaliyyəti haqqında məlumat verib, onun həmişə düşüncələrimizə yenilik, mütərəqqi ideyalar gətirən dahi şair və dramaturq, görkəmli mütəfəkkir olduğunu vurğulayıb.
Tədbir bədii proqramla başa çatıb.

ADPU-nun Mətbuat xidməti

Oxşar xəbərlər