“Teatr: burada və indi” - beynəlxalq tələbə elmi konfransı

“Teatr: burada və indi” - beynəlxalq tələbə elmi konfransı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən martın 28-də “Teatr: burada və indi” mövzusunda beynəlxalq tələbə elmi konfransı keçiriləcək.
ADMİU-nun 100 illik yubileyinə və Azərbaycan mili peşəkar teatrının 150 illiyinə həsr olunan konfransda bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələr iştirak edə bilər.
Konfransın keçirilməsində məqsədi tələbələri çağdaş teatr barədə düşünməyə, günümüzün aktual problemlərinə münasibət bildirməyə cəlb etmək, müxtəlif ölkələrdə yaşayan tələbələr arasında əlaqələrin qurulmasına yardımçı olmaq və elmə marağı olan tələbələrin həvəsləndirilməsinə və tədqiqatçılıq vərdişlərinin təkmilləşməsinə kömək göstərməkdir.
Konfransa teatr sənətinin müasir problemləri, teatr nəzəriyyəsi və tarixi paradiqmalara müasir baxış, gələcəyin teatrı - təhdidlər və perspektivlər, teatrda məkan problemi, teatr və zaman, çağdaş teatr və dramaturgiya problemləri, teatr tənqidinin müasir problemləri çağdaş dünyanın transformasiyası müstəvisində istiqamətlər üzrə məruzələr qəbul edilir.
Hibrid formada təşkil ediləcək konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir. Konfransda iştirak etmək istəyən tələbələr məruzəsini martın 15-dən gec olmayaraq [email protected] ünvanına göndərməlidirlər.
Konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər