Hindistanda G20 ölkələrinin XİN rəhbərlərinin Zirvə görüşü başlayıb

Hindistanda G20 ölkələrinin XİN rəhbərlərinin Zirvə görüşü başlayıb Hindistanın paytaxtı Dehlidə “Böyük iyirmilik” (G20) qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Zirvə görüşü başlayıb.
G20-nin hazırkı sədri Hindistanın himayəsi ilə keçirilən görüşdə qrupa üzv ölkələrlə yanaşı, ev sahibinin dəvəti əsasında 20-yə yaxın ölkənin rəsmiləri, beynəlxalq və regional təşkilatların təmsilçiləri iştirak edirlər. Xarici işlər nazirləri gündəlikdə duran beynəlxalq mövzularla yanaşı, multilaterizm, terrorizmə qarşı mübarizə, iqtisadi inkişaf, inflyasiyanın artması, dünya bazarında ərzaq və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər. Zirvə görüşünün iki əsas iclası martın 2-də keçiriləcək.
Hindistanın xarici məsələlər katibi Vinay Kvatra Zirvə görüşünə dair mətbuat konfransında bildirib ki, Rusiya-Ukrayna müharibəsi görüşün gündəmində əsas yer tutacaq. “Rusiya-Ukrayna müharibəsində inkişaf edən vəziyyəti nəzərə alsaq, təbii ki, bu, xarici işlər nazirlərinin görüşü zamanı vacib müzakirə mövzusu olacaq”, - deyə Hindistan rəsmisi bildirib. O, həmin müharibənin iqtisadiyyat və inkişaf da daxil olmaqla dünyaya təsirlərinin də müzakirə olunacağını açıqlayıb.
“Reuters” agentliyi sammitin yekun sənədində Ukraynadakı müharibənin qınanmasına aid bənd olmayacağı təqdirdə Avropa İttifaqının həmin sənədi imzalamayacağı barədə xəbər yayıb.
Qeyd edək ki, xarici siyasət idarələri rəhbərlərinin Zirvə görüşü qrupun maliyyə nazirləri və Mərkəzi banklarının rəhbərlərinin Hindistanın Banqalor şəhərində keçirilmiş və Qərb bloku ilə Rusiya-Çin tandemi arasında Ukrayna məsələsinə görə kəskin fikir ayrılığı səbəbindən yekun bəyannamənin qəbul edilməməsi ilə başa çatan görüşündən bir neçə gün sonraya təsadüf edir. Həmin görüşdə tərəflər Ukraynadakı hərbi toqquşmanı müharibə sözü ilə qeyd etmək barədə razılığa gələ bilməyiblər. Rusiya və Çin tərəfi yekun bəyannamədə “müharibə” sözünün işlədilməsinə etiraz edib. “Bloomberg” agentliyi yazır ki, rəsmi Dehli XİN rəhbərlərinin görüşündə oxşar vəziyyətin yaşanmaması üçün Rusiya və Çin tərəfini məsələ ilə bağlı razı salmağa çalışır.
XİN rəhbərlərinin Zirvə görüşü çərçivəsində ikitərəfli görüşlər də təşkil olunur. Artıq Türkiyənin və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrovun görüşü baş tutub.

Tehsil-press.az


Oxşar xəbərlər