ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş Beynəlxalq Çin Dili Günü qeyd olunub.
Bununla bağlı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitabların sərgisi təşkil olunub. Qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verilib.
Azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəsmi Çin dili test mərkəzinin işi barədə danışıb, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini bildirib. O, həmçinin müasir Çin dili dünyasından söz açıb, Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə ADU-nun çinşünas tələbələri Çin dilinin tarixi, eləcə də Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən danışıblar.

Tehsil-press.az




Oxşar xəbərlər