AzTU dövlət-universitet-sənaye tandemində yeni layihənin icrasına başlayır

AzTU dövlət-universitet-sənaye tandemində yeni layihənin icrasına başlayır Universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətləri arasında müqavilə imzalanıb.
İmzalanma mərasimlərində bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla yanaşı, onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin, o cümlədən Yevlaxın dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən rəhbərlik edirdi.
Qeyd olunub ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf, meyar və göstəricilərinin milliləşdirilməsi üçün genişmiqyaslı, məqsədyönlü və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Odur ki, icrasına başlanılan sözügedən layihə məhz 2030-cu ilədək atılacaq addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsədin həyata keçirilməsinə xidmət edir. Bu məqsəd üzrə qarşıya qoyulan işlərin görülməsi özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə təhlükəsizliyin yaxşılaşdırılmasını ehtiva edir.
Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib.
Məlumat üçün bildirək ki, dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin layihəsi rayon icra hakimiyyətləri ilə AzTU arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyəti və universitetin tələbələrinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc (kickoff meeting) görüş keçirilib, ilkin müzakirələr, layihənin gedişinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müqavilə Dayanıqlı İnkişaf Məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.

Tehsil-press.az


Oxşar xəbərlər