Azərbaycan Texniki və Daşkənd Dövlət Nəqliyyat universitetləri arasında əməkdaşlıq genişlənir

Azərbaycan Texniki və Daşkənd Dövlət Nəqliyyat universitetləri arasında əməkdaşlıq genişlənir Daşkənd Dövlət Nəqliyyat Universitetinin əməkdaşları Umudulla Abdurrozakov və Kamoliddin Ziyayev Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və professor-müəllim heyəti ilə görüşüb.
Görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də iştirak edib.
Görüşdə rektor Vilayət Vəliyev ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana tarixi səfərini xatırladıb. Bildirib ki, tarixi köklərə bağlı olan Azərbaycan və Özbəkistan əlaqələri Prezident İlham Əliyevin bu ölkəyə səfərindən sonra daha da möhkəmlənib və əməkdaşlığın inkişafında yeni hədəflər müəyyən olunub.
Rektor deyib ki, Özbəkistan nümayəndələrinin AzTU-ya səfərinin məqsədi müasir proqram təminatının köməyilə şəhərlərin baş planının və şəhərdaxili hərəkətlilik (mobillik) planının hazırlanması, o cümlədən elektromobillərin layihələndirilməsi ilə bağlı təcrübə mübadiləsi aparmaqdır.
Daha sonra Umudulla Abdurrozakov və Kamoliddin Ziyayev təmsil etdikləri ali təhsil müəssisəsi haqqında geniş təqdimatla çıxış ediblər. Onlar Özbəkistan hökumətinə təqdim etdikləri Səmərqənd şəhərinin mobillik planı, həmçinin digər tədqiqat işləri ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər