AzTU-nun rektoru Türkiyədə ikili diplom müqaviləsi imzalayıb

AzTU-nun rektoru Türkiyədə ikili diplom müqaviləsi imzalayıb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədədir.
Səfərin ilk günü Qazi Universitetinin rektoru professor Musa Yıldız və universitetin professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə elektrik-elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi və digər sənədlər imzalanıb. İmzalanmadan sonra iki universitet arasında mövcud olan müəllim və tələbə mübadiləsinin davam etdirilməsinin, müdafiə sənayesi sahəsi də daxil olmaqla bir sıra istiqamətlərdə təhsil, tədqiqat və universitet-sənaye əməkdaşlığının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin qeyd olunan istiqamətlər üzrə universitetlərin potensial və resurslarından səmərəli istifadə edilməsi qərara alınıb.
Səfər çərçivəsində AzTU-nun nümayəndə heyəti Orta Doğu Texniki Universitetində də görüş keçirib. Rektor, professor Mustafa Verşan Köklə keçirilən görüşdə universitetlərin rəqəmsal transformasiyasının inkişaf etdirilməsi, iki ali məktəbin profilinə uyğun birgə tədqiqat layihələrinin yerinə yetirilməsi, xarici dil üzrə müəllim hazırlığı və tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdən sonra AzTU ilə Orta Doğu Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova və AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz iştirak edir.
Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər