Pilot layihə ilə bağlı yekun hesabat ictimaiyyətə təqdim edilib

Pilot layihə ilə bağlı yekun hesabat ictimaiyyətə təqdim edilib Azərbaycan Texniki Universitetində (AzTU) “İctimai xidmətlərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün qərarqəbuletmə mexanizmlərinin işlənməsi (pilot olaraq Abşeron və Qobustan rayonlarının nəqliyyat sektoru timsalında)” adlı layihənin yekun hesabatının onlayn təqdimatı keçirilib.
Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev layihədən qazanılan təcrübənin həm qanunvericilik orqanı və icra strukturları, həm də özəl sektor və ali təhsil müəssisəsi üçün əhəmiyyətli olduğunu deyib. Rektor layihənin icraçılarının peşəkar fəaliyyətini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Şahin Seyidzadə dövlətin yol və nəqliyyat infrastrukturuna verdiyi diqqətdən, bu layihənin də məhz Qobustan və Abşeron rayonlarının əhalisinin sosial-iqtisadi rifahına xidmət etməsi baxımından praktiki əhəmiyyətindən bəhs edib. Ş.Seyidzadə pilot layihə çərçivəsində müxtəlif strukturların əməkdaşlığının çox yaxşı təcrübə olduğunu qeyd edib. Bildirib ki, ölkə miqyasında nəqliyyat və yol infrastrukturunda çətinlikləri olan digər rayonlarda da layihənin tətbiqi məqsədəuyğun olar.
Abşeron və Qobustan rayonu icra hakimiyyətlərinin nümayəndələri də tədqiqat aparılan ərazilərdə əhaliyə ictimai nəqliyyat xidmətlərinin və yol infrastrukturunun təkmilləşdirilməsinə yönələn bu layihənin əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda layihə çərçivəsində yığılan məlumatların növbəti əməkdaşlıq əlaqələri üçün baza rolunu oynayacağı qeyd edilib. Bundan başqa, nəqliyyat və logistika sahəsində xidmət sahəsinin inkişafı, eləcə də dayanıqlı iqtisadiyyata AzTU-nun verə biləcəyi töhfələrdən bəhs olunub.
Daha sonra layihənin rəhbəri, AzTU-nun Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Fuad Daşdəmirov layihənin yekun hesabatını təqdim edib. O, layihənin icra mərhələləri haqqında məlumat verərək, Qobustan və Abşeron rayonları ərazisində ictimai nəqliyyat xidmətinin və yol infrastrukturunun vəziyyəti ilə əlaqədar 700 yerli sakin arasında sorğu keçirildiyini, nəticələrin emal olunaraq əsas problemlərin müəyyən edildiyini və onların aradan qaldırılması üçün tədbirlər planının hazırlandığını və əsaslandırıldığını qeyd edib.
Layihədən əldə olunan nəticələrin bir hissəsi müvafiq ixtisas üzrə magistr təhsili alan və layihənin icrasında fəal iştirak edən tələbələr – Turan Verdiyev, Ülvi Cavadlı, Tərxan Kərimli və Elməddin Salayev tərəfindən təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər