AzTU-nun qalib olduğu qrant layihəsinə yekun vurulub

AzTU-nun qalib olduğu qrant layihəsinə yekun vurulub Elm və Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu layihənin yekun görüşü keçirilib.
Rektor Vilayət Vəliyev layihə çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində mobillik yolu ilə professor-müəllim heyətinin hazırlığını və elmi-tədqiqat potensialını artırmağa nail olunub.
Daha sonra layihənin 3 əsas komponenti üzrə icra edilən işlərin xülasəsi, əldə olunan nəticələr və gözlənilən təsirlər görüş iştirakçılarına təqdim edilib.
Qeyd olunub ki, layihənin 1-ci komponenti üzrə icra edilmiş işlər çərçivəsində Türkiyənin Ankara Universiteti ilə kompüter mühəndisliyi, Qazi Universiteti ilə isə elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom layihələrinin icrasına başlanılıb. Birinci komponent çərçivəsində universitetin akademik heyətinin inkişafına, onların Türkiyənin qabaqcıl universitetlərinin resurslarına əlyetərliliyi üçün şərait yaradılıb. Həmçinin Qazi Universiteti ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində tədrisin müasir standartlar səviyyəsində təşkili ilə bağlı yeni üsulların öyrənilməsinə nail olunub.
Layihə çərçivəsində qazanılan təcrübədən istifadə olunmaqla AzTU-nun ikili diplom proqramı portfelinə Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg), Türkiyənin OSTİM Texniki Universiteti kimi qabaqcıl ali məktəblərlə əməkdaşlıqlar da daxil edilib, Eskişehir Texniki Universiteti və Hacettepe Universiteti ilə bu istiqamətdə razılaşmalar əldə edilib.
Daha sonra ikili diplom müqavilələri portfelini şaxələndirməklə bakalavriat və magistratura səviyyələri ilə yanaşı, doktoranturada da ikili rəhbərlik müqavilələrinin icrasına nail olunub və bu istiqamətdə BTU Cottbus-Senftenberg ilə əməkdaşlığa başlanılıb.
Qabaqcıl universitetlərlə həyata keçirilən ikili diplom və əməkdaşlıq müqavilələrinin icrasından qazanılan təcrübə əsasında AzTU-da bakalavriat və magistratura səviyyələrində təhsil proqramlarına yeni baxış zərurəti yaranıb və onların Boloniya sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülüb. Bu məqsədlə layihə çərçivəsində magistratura səviyyəsində kibertəhlükəsizlik və enerji menecmenti sahələri üzrə yeni məzmun hazırlanıb və tətbiq edilməsi üçün tədbirlər görülür.
Layihənin 2-ci komponenti çərçivəsində tədqiqat və innovasiya siyasətinin, habelə bununla əlaqəli təlimat və prosedur sənədlərinin hazırlanmasına, müvafiq sahələr üzrə seçilmiş akademik heyətin elmi-tədqiqat potensialının artırılmasına, elmi-tədqiqat (dissertasiya) mövzularının yerinə yetirilməsində tərəfdaşlıq mexanizminin qurulmasına nail olunub. Həmçinin universitetin tədqiqatçılarının və tədqiqat işlərinin bazasını əhatə edən, mühəndisliyin aparıcı istiqamətləri və sahələrini özündə birləşdirən elektron platformanın texniki tapşırığının hazırlanması və platformasının qurulması işləri də həyata keçirilib.
Layihənin 3-cü komponenti üzrə tədrisin, elmi fəaliyyətin izlənilməsi, idarə olunması və qiymətləndirilməsi üçün rəqəmsal platformanın texniki tapşırığı hazırlanıb və tətbiq olunub.

Tehsil-press.az

Oxşar xəbərlər