UFAZ-da “Məzunların ideya gecəsi”

UFAZ-da “Məzunların ideya gecəsi” Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Fransa Məzunları Assosiasiyası (AAAF) və Fransa səfirliyi tərəfindən “Məzunların ideya gecəsi” adlı ənənəvi tədbir keçirilib.
“Daha çox” mövzusuna həsr olunan builki tədbirdə iqlim dəyişikliyi, ətraf mühit və davamlı inkişaf problemlərinə nəzər salınıb.
AAAF sədri Vazeh Əskərov Fransa məzunları şəbəkəsinin genişləndiyini və onların sayının 1000 nəfəri keçdiyini vurğulayıb. O, Fransa universitetlərində təhsil almış kadrların Azərbaycanda yüksək vəzifələrdə çalışdığını qeyd edərək təhsil sahəsində də əməkdaşlığın vacibliyini vurğulayıb.
Fransanın ölkəmizdəki səfiri Ann Buayon ölkələr arasında əlaqələrin güclənməsində və inkişafında məzunların xüsusi rolunu qeyd edib. O, Fransa hökumətinin məzun şəbəkəsi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Səfir tədbirin mövzusuna toxunaraq, Azərbaycan Prezidentinin Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji sahəsində verdiyi bəyanatları yüksək qiymətləndirib.
Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi, AAAF-ın İdarə Heyətinin üzvü Məsim Məmmədov Laçın rayonunda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. O, ilkin mərhələdə Laçına 1200 ailənin yayın sonuna kimi bərpa olunmuş və tikilmiş evlərə köçürüləcəyini deyib və Laçındakı sənaye zonasında 45 şirkətin çalışacağını bildirib: “Yaradılacaq müəssisələrin ekologiya, ətraf mühit və davamlı inkişaf məqsədləri çərçivəsində olması prioritet məsələdir”. Məsim Məmmədov tədbir iştirakçılarını Laçına səfər etməyə və rayonun potensialı ilə yaxından tanış olmağa dəvət edib.
Strasburq Universitetinin vitse-prezidenti Jan-Mark Planeks Fransa məzunları arasında Strasburq Universitetinin xüsusi payı olduğunu qeyd edib. Belə ki, ümumi məzunların yarısından çoxu bu universitetdə təhsil alıb.
Daha sonra tədbirdə panel iştirakçıları təqdimatla çıxış ediblər. Eks-an Provans Universitetinin doktoru Suzan Lerua “Xəzər dənizi təcrid olunmayıb”, Parisin “IFP School” məktəbinin məzunu Həbib Babayev “İkili çağırış: Neft-qaz istehsalında karbon emissiyasının azaldılması”, Bordo şəhəri Monteskyö Universitetinin məzunu Səid Musayev “Regional miqyasda davamlı inkişaf üçün Azərbaycanın liderliyi altında daha çox çoxtərəflilik”, Nitsa Sofia Antipolis Universitetinin məzunu Firudin Mövsümov “Qarabağda postmünaqişə dövründə davamlı inkişaf problemləri”, Strasburq Universitetinin məzunu Nəzrin Şirinova “Davamlı inkişaf üçün ekoloji layihələrin vacibliyi” mövzularında məruzə ediblər.
Tədbirdə, həmçinin UFAZ tələbələri - Zaur Budaqov universitetdəki ekoloji fəaliyyətləri barədə və Emin Xəlifəyev isə bu il Fransada qalib olduqları beynəlxalq kosmik hakatondakı “Təyyarə karbon emissiyalarının azaldılması” layihəsi barədə məlumat veriblər.

Tehsil-press.az



Oxşar xəbərlər