BDU-da Silahli Qüvvələr Günü qeyd olunub

BDU-da Silahli Qüvvələr Günü qeyd olunub Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahli Qüvvələri Gününə həsr olunmuş elmi tədbir keçirilib.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Korpusun, yəni Milli Ordunun yarandığı 26 İyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycana birinci rəhbərliyi dövründə milli hərbi təhsil sisteminin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev onun daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli Fərmanı əsasında isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu, təkmilləşdirilməsi və inkişafı prosesi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun dövründə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan Ordusu daha da təkmilləşərək yüksək səviyyəyə çatdırılıb. İbrahim Zeynalov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi Zəfər çaldı, işğal olunmuş ərazilərimizi düşməndən azad etdi. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları daha da genişlənir. Fəxrimiz olan Ordumuz hazırda dünyanın 50 ən güclü ordusu sırasında yer alır.
Tarix fakültəsinin dekan müavini Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçirilən tədbirdə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı Cavid Məmmədli çıxış ediblər. Məruzəçilər Azərbaycanda ordu quruculuğunun mərhələləri barədə sənəd və mənbələri diqqətə çatdırıb, Qarabağın 30 illik işğaldan azad olunmasının, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin tarixi əhəmiyyətini vurğulayıblar.

Tehsil-press.az




Oxşar xəbərlər