Azərbaycanın səsi dünya mediasında

Azərbaycanın səsi dünya mediasında “Türk dünyasının mədəniyyət paytaxtı Şuşada “4-cü sənaye inqilabı və yeni media” başlığı altında keçirilən Qlobal Media Forumu başa çatdı. Forumun yaratdığı əks-səda isə dünya mediasının manşetlərində hələ də izlənilməkdədir. Milli mətbuatımızın yaranmasının 148-ci ildönümünə təsadüf edən bu beynəlxalq tədbirə dünyanın 50-yə yaxın ölkəsindən 250 nəfər media təmsilçisinin qatılması Qlobal Media Forumuna beynəlxalq marağın kifayət qədər yüksək olduğunu göstərdi”.
Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
O qeyd edib ki, dünya miqyasında diqqət çəkən belə bir tədbirin məhz Şuşa şəhərində keçirilməsinin özü də mühüm bir hadisədir. Dünyanın aparıcı mətbuat vasitələrinin nümayəndələrini Şuşaya dəvət etməklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində müharibədən sonrakı mövcud vəziyyət haqqında obyektiv informasiyaların beynəlxalq miqyasda yayılmasına şərait yaratdı. Dünyamiqyaslı nüfuzlu KİV-lərin nümayəndələri Laçın yolunun başlanğıcından reportajlar yayımladı və Qarabağ ərazisində yaşayan ermənilərin heç də iddia edildiyi kimi blokada şəraitində olmadığını öz auditoriyalarına çatdırdılar. Müxtəlif ölkələrin mətbuatında və bir sıra beynəlxalq siyasi platformalarda Ermənistan tərəfindən ölkəmiz haqqında məqsədli şəkildə yayımlanan saxta məlumatlar bu Forum çərçivəsində əyani şəkildə təkzib olundu. Bütün imkanlarını ölkəmiz haqqında saxta informasiyalar yaymaqla Azərbaycanın imicinə xələl gətirməyə çalışan Ermənistan siyasətçilərinin və jurnalistlərinin yalanları növbəti dəfə tutarlı dəlillərlə ifşa olundu.
“Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, “İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi... Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur”. Prezident bütün 30 ilə yaxın bir müddət ərzində üzləşdiyimiz işğal faktının mətbuatımız tərəfindən daim diqqət mərkəzində saxlanmasını yüksək qiymətləndirərək bildirdi ki, mediamız gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayıb.
Azərbaycan mediasının bugünkü inkişaf meyillərindən razı qaldığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan mediası çox böyük işlər görür. Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
Azərbaycan Prezidenti öz çıxışında milli mətbuatımızın qarşısında duran vəzifələri belə xarakterizə etdi: “Öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik”.
Qlobal KİV təmsilçilərinin Azərbaycan Prezidentinə sualları ilə davam edən tədbirdə dövlətimizin başçısının verdiyi açıqlamalar Forum iştirakçılarında bölgəmizdəki yeni reallıqlar haqqında dolğun təsəvvür yaratdı. Ölkə Prezidenti bölgəmizdə təhlükəsizlik məsələləri, qlobal təhlükəsizlik məsələləri, enerji diplomatiyası, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi, eləcə də mövqelərin yaxınlaşdırılması üçün müxtəlif formatlarda göstərilən vasitəçilik səyləri haqqında dövlətimizin mövqeyini Forum iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev ABŞ, Rusiya və Avropa İttifaqının sülh prosesinə verdikləri dəstəyi yüksək qiymətləndirdiyini və dövlətimizin bu proseslərdə səmimiyyətlə iştirak etdiyini vurğuladı.
Forum iştirakçıları arasında keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə bağlı dövlət başçısının proqnozları ilə maraqlananlar da oldu. Prezident İlham Əliyev azad olunmuş ərazilərdə aparılan quruculuq-abadlıq işlərindən danışaraq bu suala da aydınlıq gətirdi”, - deyə deputat bildirib.
Cavanşir Feyziyev deyib ki, Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insan doğma yurduna qaytarılacaq. Otuzdan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. Azərbaycan Prezidenti Forumda bildirdi ki, Böyük Qayıdışa mane olan ən böyük problem ərazilərin ermənilər tərəfindən minalarla həddindən artıq çirkləndirilməsidir. O qeyd etdi ki, yalnız müharibədən sonrakı müddət ərzində 300-dən artıq adam mina partlayışlarının qurbanı olub. Ermənistanın mina xəritələrini təqdim etməkdən yayınmasını isə dövlətimizin başçısı müharibə cinayəti kimi dəyərləndirdi. Minatəmizləmə proseslərinin sürətləndirilməsi üçün dövlət tərəfindən atılan addımlar barəsində jurnalistlərə geniş məlumat verildi.
“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair verilən sualı cavablandıran Prezident İlham Əliyev ölkəmizin Avropa üçün əhəmiyyətini belə səciyyələndirdi: “Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Bizim sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ümidvaram ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”.
Növbəti gün müxtəlif mövzularda keçirilən panel müzakirələri ilə davam edən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırdı. Forumda səslənən fikirlər Azərbaycanın apardığı beynəlxalq və regional siyasətin beynəlxalq media təmsilçiləri tərəfindən yüksək qiymətləndirildiyini bir daha göstərdi. Forumdan hazırlanmış reportajlar hazırda dünyanın bütün bölgələrində yayımlanmaqdadır. Bu, həm də Azərbaycanın səsinin dünyanın bütün bölgələrində eşidilməsi deməkdir”, - deyə Cavanşir Feyziyev vurğulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər