Tədqiqat: İfrat istilər mütəmadi hal alacaq

Tədqiqat: İfrat istilər mütəmadi hal alacaq İyul ayı ərzində isti hava dalğaları Şimali Amerika, Avropa və Çini bürüyüb, temperatur bütün rekordları qırıb. Bu, artıq meşə yanğınlarına və çoxlu sayda insanın ölümünə səbəb olub. Eyni zamanda, alimlərin fikrincə, belə uzunmüddətli isti havalar mütəmadi olaraq təkrarlanacaq.
Ekstremal iqlim hadisələrinin tədqiqi layihəsi olan Ümumdünya Hava Atribusiyasının alimlərdən ibarət qrupunun araşdırmasında vurğulanır ki, “iqlimə insan təsiri olmasaydı, o zaman dünyada temperaturun belə çox artması müşahidə edilməzdi”. Alimlərin fikrincə, istixana qazları tullantıları Avropada havanın temperaturunun 2,5 dərəcə Selsi, Şimali Amerikada 2 dərəcə Selsi, Çində isə 1 dərəcə Selsi artmasına səbəb olub.
Elmi araşdırmalar göstərir ki, istilik dalğaları daha tez-tez baş verəcək və daha intensiv olacaq. Proqnozlara görə, ABŞ və Meksikada təxminən 15 ildə bir dəfə, Avropanın cənubunda hər on ildən bir, Çində isə beş ildən bir isti hava dalğası müşahidə olunacaq. Alimlər hesab edirlər ki, hazırda orta qlobal temperatur 1,1 dərəcə Selsidən çox artıb.
İfrat dərəcədə istilərlə bağlı vəziyyət qazıntı yanacaqların yanmasını məhdudlaşdırmaq və planetin çirklənməsini azaltmaq istiqamətində tədbirlərin görülməsini zəruri edir. Yalnız enerji sistemində əhəmiyyətli dəyişikliklər və bərpa olunan enerji mənbələrindən istifadə iqlim böhranının təsirlərini yumşaldacaq.

Tehsil-press.az



Oxşar xəbərlər