Dil xalqın tarixi-mədəni yaddaşını, milli kimliyini və sosial-mənəvi dəyərlər sistemini ifadə edən fundamental fenomen kimi cəmiyyətin inkişafında mühüm rol oynayır. Müasir qloballaşma prosesləri və rəqəmsal transformasiya şəraitində ana dilimizin qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və beynəlxalq elmi-mədəni məkanda təmsil olunması Azərbaycan Respublikasının dövlət dil siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət dil siyasətinin effektiv reallaşdırılması isə yalnız normativ-hüquqi mexanizmlərlə deyil, eyni zamanda ali təhsil müəssisələrinin elmi, pedaqoji və institusional fəaliyyəti ilə birbaşa bağlıdır.
Bu baxımdan, Azərbaycan Dillər Universiteti (ADU) uzun illər ərzində Azərbaycan dilinin qorunması, tədrisi, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində məqsədyönlü və ardıcıl fəaliyyət göstərən aparıcı ali təhsil ocağı kimi fərqlənir. Universitetin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə yaradılmış Azərbaycan dili və Mədəniyyəti mərkəzləri milli dilimizin beynəlxalq elmi-mədəni məkanda mövqelərinin möhkəmləndirilməsinə xidmət edən mühüm institusional mexanizm kimi xüsusi əhəmiyyət kəsb edir.
“Azərbaycan dili” platforması - ADU-nun qlobal missiyası
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində keçirilən “Azərbaycan dili” platformasının rəsmi təqdimatı bu strateji yanaşmanın praktik davamı olmaqla, Azərbaycan dilinin tədrisi, tədqiqi və təbliği sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Sözügedən platforma dövlət dil siyasətinin elmi-metodoloji prinsiplər əsasında reallaşdırılmasına xidmət edən mühüm institusional təşəbbüs kimi dəyərləndirildi.
Ana dilimizin qorunması, inkişafı və beynəlxalq miqyasda təbliğinə xidmət edən “Azərbaycan dili” platformasının rəsmi təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Qonaqlara universitetin fəaliyyəti haqqında məlumat verən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla platformanın Azərbaycan dilinin qorunması, inkişafı və müasir rəqəmsal mühitdə təbliği baxımından əhəmiyyətindən danışıb: “Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiklərinin fonunda bu cür platformanın realizə olunmasına böyük ehtiyac var idi. Universitetin alimləri və gənc mütəxəssisləri bu işi şərəflə yerinə yetirdilər”.
Təhsilin cəmiyyətdə vacib rola malik olduğunu bildirən layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva platformanın təqdimatı münasibətilə hər kəsi təbrik edib. Layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Dillər Universitetinə, o cümlədən layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib, “Azərbaycan dili” platformasının ana dilimizin tədrisi və tədqiqi üçün yeni imkanlar yaradacağını vurğulayıb.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışında platformanın Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, rəqəmsal təhsil resurslarının genişləndirilməsinə və ana dilinin müasir texnoloji mühitə inteqrasiyasına mühüm töhfə verəcəyini qeyd etmişdir. Nazir həm yerli, həm də xarici auditoriya üçün nəzərdə tutulan bu platformanın süni intellekt həlləri əsasında formalaşdırılmasının onun funksional imkanlarını əhəmiyyətli dərəcədə artırdığını vurğulamışdır.
Daha sonra Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və layihənin koordinatoru Səbinə Əliyevanın iştirakı ilə “Azərbaycan dili” platformasının funksional imkanları, strukturu və məzmunu ətraflı şəkildə təqdim olunmuşdur. Tədbirdə platformaya həsr edilmiş videoçarx nümayiş etdirilmiş, “Azərbaycan dili” platforması milli dil siyasətinin rəqəmsal müstəvidə reallaşdırılmasına yönəlmiş mühüm elmi-tədris layihəsi kimi dəyərləndirilmişdir.
Strateji yanaşmanın praktik təzahürü
Qloballaşma şəraitində milli dillərin beynəlxalq elmi-tədris mühitində tədrisi dövlət dil siyasətinin mühüm istiqamətlərindən biri kimi aktuallaşır. Azərbaycan dilinin əcnəbi vətəndaşlara sistemli şəkildə öyrədilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Dillər Universiteti (ADU) bu sahədə ölkədə ilk təşəbbüs göstərən ali təhsil müəssisəsi olaraq, Azərbaycan dilinin xarici auditoriya üçün tədrisinin elmi-metodik əsaslarının formalaşdırılmasında aparıcı rol oynamışdır.
2008–2009-cu tədris ilindən etibarən ADU-ya qəbul olunan əcnəbi vətəndaşlara Azərbaycan dilinin tədrisinə başlanılması Azərbaycanda bu sahədə ilk sistemli təcrübə olmuşdur. İlkin mərhələdə ABŞ-dan olan tələbələr üçün təşkil edilən dərslər həm pedaqoji, həm də metodik baxımdan yeni bir yanaşmanın tətbiqini zəruri etmişdir. Tədris prosesinin gedişində əldə olunan təcrübələr əsasında proqrama yenidən baxılmış, interaktiv təlim metodlarına üstünlük verilmiş və xarici auditoriyanın ehtiyaclarına uyğun yeni proqram layihəsi hazırlanmışdır.
Hazırlanmış proqram əsasında ingilisdilli tələbələr üçün Azərbaycan dilinin başlanğıc, orta və yüksək səviyyələri üzrə dərsliklər yazılaraq nəşr edilmişdir. Bu nəşrlərin hazırlanmasında universitetin professor-müəllim heyətinin nümayəndələri – Jalə Qəribova, Səbinə Əliyeva, Kifayət Hacıyeva, Fialə Abdullayeva və İradə Vahabova fəal iştirak etmişlər. Sonrakı mərhələdə Fidan Ələsgərova, Hüzurə Ağayeva və Ramiqə Şirəliyevanın da tədris prosesinə qoşulması bu istiqamətdə aparılan işlərin davamlılığını və institusional xarakter aldığını göstərir.
Beləliklə, əcnəbi tələbələrə Azərbaycan dilinin beynəlxalq standartlara uyğun interaktiv təlim metodları ilə öyrədilməsi ənənəsi ilk dəfə məhz ADU-da formalaşmış və uzun illər ərzində ardıcıl şəkildə inkişaf etdirilmişdir.
CEFR standartlarına uyğunlaşma
Azərbaycan dilinin beynəlxalq dil tədrisi standartlarına uyğunlaşdırılması məqsədilə növbəti mərhələdə Dillər üzrə Ümumavropa Çərçivə Sənədinin (CEFR) prinsipləri əsas götürülmüşdür. Bu çərçivə sənədinə uyğun olaraq ADU-da Azərbaycan dili üzrə 6 səviyyə və 5 əsas dil bacarığı (oxu, yazı, dinləyib anlama, danışıq və qarşılıqlı ünsiyyət) üzrə diskriptorlar hazırlanmışdır. Sözügedən diskriptorlar dil biliyinin ölçülməsi və qiymətləndirilməsində obyektiv və şəffaf mexanizmlərin formalaşmasına xidmət etmişdir.
Bu istiqamətdə görülən işlərin məntiqi davamı kimi Jalə Qəribova və Səbinə Əliyeva tərəfindən əcnəbi tələbələr üçün hazırlanmış “Azərbaycan dilinin qrammatikası” adlı dərs vəsaiti nəşr edilmişdir. Sözügedən kitab Azərbaycan dilinin struktur xüsusiyyətlərinin sistemli şəkildə təqdim olunması baxımından mühüm elmi-metodik mənbə kimi qiymətləndirilir.
Platforma və mərkəzlərin inteqrasiyası
Müasir mərhələdə isə Azərbaycan dilinin tədrisində rəqəmsal texnologiyaların tətbiqi diqqət mərkəzinə çəkilmişdir. Alena Əliyevanın ideya müəllifi olduğu “Azərbaycan dili” portalının yaradılması bu sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab oluna bilər. “Azərbaycan dili” portalının hazırlanmasına ADU-nun professor-müəllim heyəti - layihənin koordinatoru Səbinə Əliyeva, Jalə Qəribova, Hüzurə Ağayeva, Kifayət Hacıyeva və Ramiqə Şirəliyeva töhfə veriblər. Portal Azərbaycan dilinin 6 səviyyə və 5 bacarıq üzrə öyrədilməsi üçün zəngin tədris materialları ilə təmin olunmuşdur. Burada təqdim olunan dialoqlar peşəkar səsyazma studiyalarında yazılmış canlı nitq nümunələrinə əsaslanır, mətnlər isə Azərbaycan mədəniyyəti, tarixi və ictimai həyatı ilə bağlı geniş məzmunu əhatə edir.
Azərbaycan Dillər Universitetində əcnəbi vətəndaşlar üçün Azərbaycan dilinin tədrisi sahəsində həyata keçirilən ardıcıl və sistemli fəaliyyət bu sahənin elmi-metodik əsaslarının formalaşdırılmasına, milli dilin beynəlxalq müstəvidə tanıdılmasına və təbliğinə mühüm töhfə vermişdir. ADU-da formalaşmış bu təcrübə hazırda davam edən və inkişaf edən bir model kimi Azərbaycan dilinin xarici auditoriyaya tədrisində nümunəvi istiqamət hesab edilə bilər.
Bu baxımdan, “Azərbaycan dili” platforması Azərbaycan Dillər Universitetinin beynəlxalq miqyasda həyata keçirdiyi dil siyasətinin məntiqi davamı kimi çıxış edir. Universitet uzun illərdir ki, dövlətin dil, mədəniyyət və humanitar əməkdaşlıq strategiyasına uyğun olaraq Azərbaycan dilinin və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. ADU-da 20-dən çox dil və mədəniyyət mərkəzinin fəaliyyəti beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə, elmi və mədəni mübadilənin dərinləşməsinə xidmət edir.
Beynəlxalq dil mərkəzləri
Eyni zamanda, Azərbaycan Dillər Universitetinin təşəbbüsü və dəstəyi ilə bir sıra xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti mərkəzləri milli dilimizin, tariximizin və mədəni irsimizin tədrisi və təbliği baxımından mühüm rol oynayır. Hazırda sayı səkkizə çatan bu mərkəzlər vasitəsilə Azərbaycan dilinin tədrisi yalnız dil bacarıqlarının formalaşdırılması ilə məhdudlaşmır, eyni zamanda elmi seminarlar, mədəni-kütləvi tədbirlər, tarix və dövlətçilik mövzularında müzakirələr əsasında kompleks şəkildə həyata keçirilir. Bu yanaşma Azərbaycan dilinin elmi və mədəni kontekstdə mənimsənilməsinə şərait yaradır.
Xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti mərkəzləri gələcəkdə milli dilimizin daha geniş coğrafiyada tədrisi üçün institusional baza rolunu oynayır. Bu mərkəzlər Azərbaycan dili üzrə ixtisaslaşmış kadrların hazırlanmasına, akademik mübadilənin gücləndirilməsinə və ölkələrarası elmi-mədəni əlaqələrin inkişafına mühüm töhfə verir. ADU tərəfindən həmin mərkəzlərdə çalışan müəllim və tələbələrin müasir metodik və elektron resurslarla təmin olunması tədrisin keyfiyyətinin yüksəldilməsini hədəfləyir ki, bu proses “Azərbaycan dili” platforması ilə birbaşa əlaqələndirilir.
Strateji nəticələr
Beləliklə, “Azərbaycan dili” platformasının təqdimatı Azərbaycan Respublikasında həyata keçirilən dövlət dil siyasətinin ali təhsil və rəqəmsal mühitdə ardıcıl şəkildə reallaşdırılmasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. Yeni yaradılmış platforma və Azərbaycan Dillər Universitetinin beynəlxalq səviyyədə fəaliyyət göstərən müvafiq mərkəzləri milli dilimizin dünyada tədrisi və təbliği mexanizmini gücləndirməklə yanaşı, Azərbaycan mədəniyyətinin, tarixi irsinin və müasir inkişaf modelinin dünya akademik ictimaiyyətinə sistemli şəkildə çatdırılmasını təmin edir. Bu baxımdan, ADU-nun strateji fəaliyyəti Azərbaycan dilinin beynəlxalq elmi-mədəni məkanda mövqelərinin daha da möhkəmləndirilməsinə yönəlmiş əhəmiyyətli və davamlı təşəbbüs kimi dəyərlidir.
Sadiq Zaman,
filologiya üzrə fəlsəfə doktoru
filologiya üzrə fəlsəfə doktoru
Tehsil-press.az






