Fevralın 19-u 2024-cü ildə Ankarada, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası arasında TAU-nun yaradılmasına dair yeni Anlaşma Memorandumu imzalanıb. Türkiyə - Azərbaycan Universiteti iki ilə yaxındır ki, fəaliyyət göstərir. TAU Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Belə ki, kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universiteti (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universiteti (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları əsas götürülür.
TAU-da tələbələr ödənişsiz əsaslarla, dövlət təqaüdü ilə təhsil alırlar. Universitetdə tədris 2024/2025-ci tədris ilində başlayıb.Həmin il universitetə 87 tələbə qəbul olub.
2025-2026-cı tədris ilində Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına 60, qida mühəndisliyi ixtisasına 12, sənaye mühəndisliyi ixtisasına 22 tələbə qəbul olunub.
Ümumilikdə bu təhsil müəssisəsində 181 tələbə təhsil alır. TAU Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların nəticələrinə əsasən ilk tələbələrini qəbul edib.Türkiyə-Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisası üzrə qəbul olunan tələbələrin bal aralığı 641.60-dan 684.90-a qədər olub.Sənaye mühəndisliyi ixtisasında ən aşağı bal 544.40, ən yüksək bal isə 663.70 təşkil edib.Qida mühəndisliyi ixtisasında isə qəbul balları 451.10 ilə 632.80 arasında dəyişib.
Azərbaycan ali təhsil tarixində elə layihələr var ki, elan edildiyi gün cəmiyyətdə böyük ümidlər yaradır, lakin illər keçdikcə həmin ümidlər məyusluğa çevrilir.
Təəssüf ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) də məhz bu taleyi yaşayan layihələrdən biri kimi yadda qaldı.
“İki dövlət - bir millət” şüarının akademik simvolu kimi təqdim olunan bu universitet, təəssüf ki, gözləntiləri doğrultmağı bacarmadı.
İdeya güclü idi, icra zəif
Konsepsiya kağız üzərində çox ideal görünürdü. Türkiyənin aparıcı universitetlərinin təcrübəsi, Azərbaycan gənclərinin potensialı, ortaq diplom, beynəlxalq tanınma və regional elm mərkəzi olmaq iddiası vardı. Lakin reallıqda universitet nə Türkiyənin nüfuzlu ali məktəbləri ilə eyni səviyyəyə çıxa bildi, nə də Azərbaycanda fərqli və innovativ təhsil modeli yarada bildi.
TAU-nun əsas problemlərindən biri onun unikal olmaması idi. Onsuz da ölkədə mövcud olan ixtisaslar, oxşar proqramlar, eyni tədris yanaşmaları - bütün bunlar yeni universiteti digərlərindən fərqləndirmədi.
Belədə cəmiyyət tərəfindən belə bir sual meydana çıxır: “Əgər fərq yoxdursa, bu universitet niyə yaradıldı?”
Bu universiteti Türkiyədə ümumiyyətlə tanıyan yoxdu. Azərbaycanda da hətta təhsil cəmiyyətində çoxu məlumatlı deyil.
Beynəlxalqlaşma kağız üzərində qaldı
Adında “Türkiyə-Azərbaycan” sözləri olan universitetdən beynəlxalq mühit, xarici müəllimlərin üstünlük təşkil etdiyi akademik heyət və real mübadilə proqramları gözlənilirdi. Lakin praktikada bu beynəlxalqlaşma daha çox rəsmi sənədlərdə və təqdimatlarda qaldı. TAU nə xarici tələbələr üçün cəlbedici oldu, nə də regionda akademik cazibə mərkəzinə çevrildi.
Uğurlu universitet ilk növbədə güclü tələbəni cəlb edir. TAU isə nə prestiji, nə təqaüd imkanları, nə də karyera perspektivi baxımından gənclər üçün real alternativ yarada bildi. Simvolizm elmi əvəz edə bilmədi Ən böyük nöqsanlardan biri layihənin elmi-tədris mahiyyətindən çox siyasi və simvolik çərçivədə təqdim olunması idi. Halbuki universitetlər şüarlarla deyil, elmi araşdırmalar, məqalələr, məzun uğurları və innovasiya ilə dəyər qazanır.
İlk baxışda diqqət çəkən məqamlardan biri beynəlxalq və yerli akademik əməkdaşlıqların kifayət qədər geniş olmamasıdır. Universitetin rəsmi saytında və açıq mənbələrdə yayımlanan məlumatlara nəzər saldıqda görünür ki, TAU-nun “əməkdaşlıq” adı altında təqdim etdiyi fəaliyyətlər əsasən Türkiyədə yerləşən üç aparıcı universitetə - ODTÜ, İTÜ və Hacettepe Universitetinə təşkil olunan səfərlərlə məhdudlaşır. Qeyd etmək lazımdır ki, TAU artıq öz tədris proqramında bu üç universitetin proqramlarını zaten ilk gündən birləşdirib. Bu səfərlər əsasən tanışlıq və təcrübə mübadiləsi xarakteri daşıyır və birgə elmi layihələr, ortaq tədqiqatlar və sistemli mübadilə proqramları kimi dərin akademik əməkdaşlıqlara hələ çevrilməyib.
TAU-nun nə Azərbaycanın digər aparıcı universitetləri ilə, nə də üçüncü ölkələrin ali təhsil müəssisələri ilə institusional əməkdaşlıq müqavilələri mövcud deyil. Halbuki beynəlxalq iddia ilə yaradılan universitet üçün regional və qlobal akademik şəbəkədən kənarda qalmaq strateji zəiflik hesab olunur.
Universiteti universitet edən əsas amillərdən biri də elmi-tədqiqat fəaliyyətidir. TAU-nun mövcud fəaliyyətində isə elmi mərkəzlər, tədqiqat laboratoriyaları, nüfuzlu jurnallarda dərc olunan elmi məqalələr və ya elmi konfrans təşəbbüsləri demək olar ki, görünmür. Bu isə universitetin yalnız tədris yönümlü qurum kimi formalaşmasına səbəb olur və onun akademik nüfuz qazanmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
TAU bu sahələrdə hələ də görünən iz qoya bilmədi. Türkiyə-Azərbaycan Universiteti ideya baxımından strateji, nəticə baxımından isə məyusedici layihə oldu. Bu, düzgün planlaşdırılmayan, real akademik ehtiyaclara uyğun qurulmayan bir təhsil modelinin iflasıdır. Əsl universitet vizyon, keyfiyyət və davamlı elmi mühit tələb edir.
Bəlkə də belə qəmli sonluqda rektor amili də var. TAU rəhbərliyi Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə həvalə olundu.
Adında texniki sözünü daşıyan universitet texniki sahədə hansı uğura imza ata bilib ki, TAU da müasir çağırışlara cavab versin. Hətta bəzən Vilayət Vəliyevi sələfi Havar Məmmədovla müqayisə edirlər. Azərbaycan Texniki Universiteti bir yana, heç olmasa Türkiyə- Azərbaycan Universitetinə sahib çıxmaq lazımdır. Pafoslu çıxşlar, xarici universitetlərə turistik səfərlər təhsilin mövzusu deyil. İnanırıq ki, əlaqəli qurumlar qeyd edilən məsələyə nəhayət diqqət yetirəcəklər. Biz Azərbaycan Texniki Universitetin də, Türkiyə -Azərbaycan Universitetinin də öz sözünü deyən ali təhsil müəssisəsi olmasını çox istəyirik.
İndi təhsil cəmiyyətində TAU anadan xəstə doğulmuş körpəyə bənzədilir. Bir az belə davam etsə, körpəni itirəcəyik.
Tehsil-press.az






