“Mənim onlara verdiyim bayrağı "Lələ təpə"yə sancıblar”

“Mənim onlara verdiyim bayrağı "Əsgərlərlə görüşə gedəndə Avropa oyunlarında qaldırdığım Azərbaycan bayrağını da aparmışdım ki, Xankəndidə dalğalandırarsınız".

Tehsil-press.az xəbər verir ki, bunu sputnik.az-a açıqlamasında cüdo üzrə ikiqat paraolimpiya, 2 dəfə dünya və 5 dəfə Avropa çempionu olan, keçmiş döyüşçü İlham Zəkiyev deyib. Zəkiyev vaxtı ilə qulluq etdiyi hərbi hissəyə də baş çəkdiyini bildirib: "Bakıda keçirilən ilk Avropa oyunlarından sonra Müdafiə Nazirliyinin xətti ilə ön cəbhədəki əsgərlərlə görüşə getdim. Şəmkirdən başlayaraq, Murovdağda, Goranboyda, Ağdamda olduq. Son getdiyimiz hərbi məntəqə mənim vaxtilə qulluq etdiyim hərbi hissə oldu. Bayrağı oradakı əsgərlərə təhvil verdim və qeyd etdim ki, bu bayrağı mən idman arenalarında dalğalandırmışam. İndi bu bayrağı sizə təhvil verirəm. Siz də bu bayrağı Xankəndidə, Şuşada dalğalandırın".
Avropa Oyunlarının qalibi açıqlamasında aprelin 3-də cəbhə bölgəsində döyüşən əsgərlərlə əlaqə saxladığını qeyd edib: "Mənə dedilər ki, Füzuli rayonu ərazisindəki "Lələ təpə"ni düşməndən geri alıblar və mənim onlara verdiyim bayrağı da məhz ora sancıblar. Mən qeyd etdim ki, qardaşlar, mən sizə bayrağı vermişəm ki, Şuşada, Xankəndidə dalğalandırasınız. Əsgərlərimiz cavabında qeyd etdilər ki, "bu, yolüstüdür, yavaş-yavaş irəliləyirik, bayrağı Şuşada, Xankəndidə dalğalandıracağıq". Qürur duyum, halal olsun Azərbaycan əsgərinə!".

tehsil-press.az

Oxşar xəbərlər