Çinli atlet Bakıda dünya rekordu vurdu

Çinli atlet Bakıda dünya rekordu vurdu Bakıda atıcılıq üzrə dünya çempionatının bütün tədbirləri əhatə edən yarışları davam edir.
Qeyri-olimpiya növü üzrə ilk yarış və mükafatlandırma keçirilib.
Kişilər arasında 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma yarışının qalibi çexiyalı Pyotr Nimburski 626.5 xal toplayaraq, qızıl medala sahib olub. Gümüş medala Çindən olan atlet yiyələnib. 625.2 xal toplayan Du Linşu Pyotrdan geri qalıb. Bürünc medalı 625.0 xalla İsveçrəni təmsil edən Yan Loxbihler bayram edib.
Komanda yarışında isə Norveç birinci, Almaniya ikinci, Çin üçüncü olub.
İdmançı karyerasında ilk dəfə dünya çempionu olmağın sevincini yaşayan Pyotr Nimburski finalla bağlı fikirlərini dilə gətirib: “Bu gün mənim üçün çox yaxşı alındı. Maraqlı yarışda qızıl medal qazandım. Bu, ilk dünya çempionluğumdur. Öz uğuruma sevinsəm də, komandama görə təəssüfləndim. Biz üçüncü yerdəki Çin komandasından 0,1 xal geri qaldıq. Buna görə məyus oldum. Bu yarış mənim üçün böyük əhəmiyyət kəsb edir. Lisenziyanın olub-olmamasından asılı olmayaraq hər bir turnirə ciddi yanaşıram. Ona görə də qalib olmağı bacardım”.
Bu, Nimburskinin Bakıya üçüncü səfəridir. Lakin indiyə qədər paytaxtımızı gəzməyə imkan tapmayıb: “Bakını yetərincə gəzməyə vaxtım olmayıb. Proqram o qədər sıx olur ki. Məşq edirik, yarışa çıxırıq, hotelə gedirik, dincəlirik. Bir də baxırıq ki, Çexiyaya qayıtmaq zamanıdır. Şəhəri gəzə bilməsəm də, Bakı Atıcılıq Mərkəzinin möhtəşəm olduğunu deməliyəm. Atış poliqonlarını bəyənirəm. Bu cür müasir və yüksək şəraitli mərkəzləri çox sevirəm”.
***
Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatı yarışları olimpiya növündə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş növündə davam edib.
40 atışdan 39-nu dəqiq yerinə yetirən çinli Li Yuehonq dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.Gümüş medala Fransadan olan atlet yiyələnib. Klement Bessaq 30 dəqiq atışla diqqət çəkib. Bürünc medalı Almaniyanı təmsil edən Florian Peter bayram edib (24 dəqiq atış).
Komanda yarışında isə Çin birinci, Amaniya ikinci, Koreya üçüncü olub.
Bu yarışda finala yüksəlmiş Çin, Estoniya, Yaponiya, Ukrayna komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına iştirak üçün lisenziya qazandırıblar.
Çinli Yi Yuehonq yarış başa çatandan sonra qalibiyyətlə bağlı təəssüratlarını bölüşüb:
“Arzularım yerinə yetdi. Bu uğuru xəyal edirdim. Özümü çox xoşbəxt hiss edirəm. Yarış mənim üçün çox yaxşı keçdi. Bu, ilk dünya çempionluğumdur. Komanda şəklində bu uğura nail olmuşduq, amma fərd olaraq mənim üçün ilkdir”.
Mümkün 40 hədəfdən 39-unu dəqiq nişan alan 33 yaşlı atıcı növbəti hədəfindən də danışıb:
“Mənim üçün dünya çempionatında çıxış etmək çox vacibdir. Qızıl medalla dünya rekordu arasında fərq qoya bilmərəm. Bu uğurdan sonra məqsədim Paris-2024 Olimpiadasında “qızıl” olacaq. Amma çox çətin görünür. İndiyə qədər olimpiadalarda iki dəfə bürünc medal qazanmışdım, bu dəfə qızıl medal üçün mübarizə aparacağam”.

Tehsil-press.az


Oxşar xəbərlər