Azərbaycan Dillər Universiteti ilə İsrailin Bar-İlan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dillər Universiteti ilə İsrailin Bar-İlan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb Azərbaycan Dillər Universiteti (ADU) ilə İsrailin Bar-İlan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunda fakültə üzvlərinin, tədqiqat işçilərinin, bakalavr, magistr və doktorant tələbələrin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, beynəlxalq seminarların keçirilməsi ilə bərabər, birgə elmi tədqiqatların inkişafı, kurslar, konfranslar, seminarlar, simpoziumlar və ya müzakirələrin, təhsil və elmi fəaliyyətlərin təşkili Memorandumunun məqsədlərinə daxildir.
Eyni zamanda, nəşrlər və digər məlumat materiallarının mübadiləsi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr də daxil, beynəlxalq layihələrdə ortaq iştirakın təmin edilməsi qeyd olunub.
Sənəddə ikili diplom proqramlarının yaradılmasına yönləndirilən təşəbbüslərin inkişaf etdirilməsi, həmçinin Bar-İlan Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması təşəbbüslərinin həyata keçirilməsi də nəzərdə tutulur.
Memorandumda göstərilir ki, maliyyə məsələləri ayrıca olaraq İcra sazişləri və ya əlavələrin daxilində müzakirə olunmalıdır. Bu sənədi imzalamış tərəflərdən heç birinin maliyyə öhdəliyi nəzərdə tutulmur və ya tələb edilmir.
Memorandumun məqsədlərini yerinə yetirmək üçün tərəflər bu sənədə aid ayrıca İcra sazişləri və ya əlavələr tərtib edəcəklər və imzalayacaqlar. Bu Saziş çərçivəsində tərəflər hər hansı bir fəaliyyət üçün təkliflər irəli sürə bilər. Fəaliyyətin xüsusi təfərrüatları hər bir tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı ayrı İcra sazişləri və ya əlavələrində təyin edilə bilər. İcra sazişləri və ya əlavələr tələbə və işçi mübadiləsinin miqdarı, müddəti, büdcələr və maliyyələşdirilmə yolları, hər bir tərəfin razılaşdırılan fəaliyyət üçün öhdəlikləri və fəaliyyətin effektiv həyata keçirilməsi üçün lazım olan digər maddi təfərrüatları əhatə edə bilər.
Tərəflər tərəfdaş universitet haqqında onlayn kurslar (MOOC) da daxil olmaqla öz veb saytlarında məlumat paylaşmağı və bu Memorandumun bağlanmasından əvvəl yaradılmış hər bir tərəfin intellektual mülkiyyət hüquqlarına riayət etməyi razılaşırlar.
Mövcud Memorandum çərçivəsində yaradılan intellektual mülkiyyət hüquqları intellektual mülkiyyəti yaradan tərəfə məxsus olacaq.
Tərəflər bu sənəd çərçivəsində birgə yaradılan intellektual mülkiyyət üçün onun hüquqi qorunması, tətbiqi və etibarlılığının təmin edilməsi barədə ayrıca bir saziş bağlamağı razılaşırlar.
Memorandum hər iki tərəfin imzalandığı tarixdə qüvvəyə minir və 2028-ci ilin avqustunun 31-dək beş (5) il müddətində etibarlı olacaq. Lakin qarşılıqlı yazılı razılaşma əsasında yenilənə bilər. Tərəflərdən hər hansı birinin 90 gün əvvəldən yazılı xəbərdarlıq bildirməməsi halında isə avtomatik olaraq yenilənəcək.
Memorandumda dəyişikliklər ancaq hər iki tərəfin yazılı razılaşması əsasında müzakirə mövzusu olacaq.
Bu Memorandum hər hansı bir tərəfin təqdim etdiyi yazılı xəbərdarlıq əsasında istənilən an ləğv edilə bilər. Lakin ləğv edən tərəf ən azı altı ay əvvəldən ləğvin niyyətini bildirən yazılı xəbərdarlıq verməlidir.

Tehsil-press.az



Oxşar xəbərlər