Çin mədəniyyətinə həsr olunmuş mühazirə - Konfutsi və musiqi

Çin mədəniyyətinə həsr olunmuş mühazirə - Konfutsi və musiqi Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun onlayn yay lektoriyasında Çin mədəniyyətinə həsr olunmuş “Konfutsi və musiqi” mövzusunda mühazirə dinlənilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qədim Çində qurbanlıq ayin və mərasimlərinin musiqili müşayiətinin əhəmiyyətindən danışıb. O, musiqi və əxlaqi tərbiyənin əlaqəsi, musiqinin cəmiyyətdə rolu, musiqi təhsilinin əhəmiyyəti haqqında görkəmli Çin filosofu Konfutsinin söylədiyi fikirlərə diqqət çəkib. R.Abbasov qeyd edib ki, Konfutsi təlimi əxlaqi dəyərlərin və normaların, mərasim musiqisinin üstünlüyünə əsaslanır.
Həmçinin qeyd olunub ki, bu barədə “Söhbətlər və mühakimələr”, “Ayinlər kitabı”, “Musiqi haqqında qeydlər” və digər ən qədim Çin mətn və rəvayətlərində ətraflı məlumat var. Konfutsi öz tələbələri və saray musiqiçisi Lu Şi Sianszı ilə dialoqlarında musiqinin mənəvi gücündən bəhs edir, onda əmin-amanlıq, sevinc hissi, daha yüksək ahəngdarlıq və insanın mədəni inkişafı üçün bir vasitə görür. Eyni zamanda, Konfutsi yüksək nəcib hisslər doğuran “ciddi” musiqiyə xüsusi ehtiramla yanaşır və hesab edir ki, musiqini başa düşmək və musiqi alətlərində, xüsusən də “sin” ifa etmək bacarığı “nəciblər” üçün zəruridir.
Çin milli tarixinin demək olar ki, bütün ilahi və əfsanəvi personajlarına bəstəkarlıq istedadı bəxş edilmişdi. Musiqi alətlərində ifa etmək bacarığı ənənəvi Konfutsi təliminin mühüm elementi, imperator və dövlət idarəçiliyində iştirak edən məmurlar üçün zəruri keyfiyyət idi. Davranış və musiqi qayda və normalarının köməyi ilə dövləti idarə etmək ideyası konfutsiçiliyin əsasını təşkil edirdi.
Mühazirənin sonunda ADU-nun Konfutsi İnstitutunun tələbə və müəllimlərinin ifasında Çin hulusi fleytasında qədim Çin melodiyaları səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər