Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutları Günü qeyd olunub

Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutları Günü qeyd olunub Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi İnstitutları Gününə, eləcə də Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sazişlərin əhəmiyyətini vurğulayıb. Konfutsi İnstitutunun əsas fəaliyyət istiqamətlərindən söz açan Rafiq Abbasov Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın elmi tədqiqatlar aparılması sahəsində ixtisaslaşdığını xüsusi qeyd edib.
Konfutsi İnstitutunun əməkdaşları qonaqları Çin dilinin yayılması, Çin dilinin və mədəniyyətinin tanıdılması üzrə Dövlət Dəftərxanasının fəaliyyəti, ADU-nun Konfutsi İnstitutunun təsis edilməsi üzrə rəsmi tərəfdaşı olan Huçjou Universitetinin təhsil əlaqələri, Çin dili kurslarında qəbul və təlim qaydaları, Çində müxtəlif təcrübə və təhsil proqramları ilə tanış ediblər.
ADU-nun tələbələrinin ifasında ənənəvi Çin mahnıları səsləndirilib, Çin gimnastikası Tay ciçuan elementləri nümayiş etdirilib. Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı üzrə ustad dərsləri keçiblər.
Sonda ənənəvi Çin çay mərasimi keçirilib.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər