İşçiyə artıq işlədiyinə görə nə qədər pul verilməlidir?

İşçiyə artıq işlədiyinə görə nə qədər pul verilməlidir? İş müddətinin insan həyatında ən vacib amillərdən biri olduğunu desək, yanılmarıq. Günümüzdə, xüsusilə özəl sektorda normadan artıq işləməyə məcbur olan xeyli şəxs var və uzun iş saatları demək olar ki, adi hala çevilməkdədir. Bu isə onları nəinki digər fəaliyyətlərdən məhrum edir, həmçinin sağlamlıqlarını itirmələrinə gətirib çıxarır.
Bəs, əslində iş vaxtı nə qədər olmalıdır? Əlavə işə görə işçiyə ödəniş edilməlidirmi?
İş vaxtı Əmək Məcəlləsi ilə müəyyən olunur. Məcəlləyə görə, 5 günlük iş həftəsində gündəlik iş vaxtının müddəti 8 saatdan, həftəlik isə 40 saatdan artıq ola bilməz. Altı günlük iş həftəsi tətbiq edilən müəssisələrdə isə iş vaxtı gündəlik 7 saatdan artıq ola bilməz. Həftəlik norma 36 saat olarsa, gündəlik iş vaxtı 6 saatdan, 24 saat olarsa, 4 saatdan çox ola bilməz.
Qanunvericilik heç də hamını həftədə 40 saat işlətməyə imkan vermir. Belə ki, həftəlik iş vaxtı 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Həmçinin ağır şəraitdə çalışanlar üçün həftəlik iş vaxtı 36 saatdan çox ola bilməz. Eyni zamanda, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və digər iş yerlərində çalışanların) həftə ərzində 36 saatdan çox olmamalıdır.
İş vaxtının rejimi və onu müəyyən edən qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.
Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir.
İş vaxtından artıq iş (overtime) işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə onun iş vaxtından əlavə müddət ərzində işə cəlb edilməsidir. İşçinin təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədilə iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn 2 iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Xüsusilə ağır və zərərli sahələrdə işləyənləri isə iş vaxtından artıq işə cəlb edilməsi qadağandır.
İş vaxtından artıq işlərin əvəzinə istirahət gününün verilməsi qanunla yolverilməzdir. Yəni, əlavə iş vaxtına görə işçiyə ödəniş edilməlidir. Əməyin vaxtamuzd ödənilmə sistemində iş vaxtından artıq işə işçiyə görə saatlıq tarif maaşının azı ikiqat məbləğində ödəniş həyata keçirilməlidir. Bunun üçün işçinin həmin ay ərzində çalışmalı olduğu iş saatları tapılmalı (günlük iş saatı iş günlərinin sayına vurulur), əməkhaqqının məbləği həmin göstəriciyə bölünməklə bir saata düşən maaşın məbləği müəyyən olunmalıdır. Bu məbləğin ən azı ikiqatı işçinin işlədiyi əlavə iş saatlarına vurulmalıdır. Bu o deməkdir ki, gündə 8 saat işləyib aylıq 800 manat əməkhaqqı alan şəxs 2023-cü ilin sentyabr ayının hər hansı bir günündə iş vaxtından əlavə 1 saat işə cəlb olunubsa, o, ayın sonunda 800 manat deyil, ən azı 809,52 manat (800:168)2+800) əməkhaqqı almalıdır.
Qanunnvericiliyə görə, təbii fəlakətin, istehsalat qəzasının və yuxarıda göstərilmiş digər hallar, istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər