Müəllimin iş yükünü necə azaltmaq olar?

Müəllimin iş yükünü necə azaltmaq olar? Yaponiya müəllimlərin iş vaxtının optimallaşdırılması üçün tədbirlərə başlayıb
Müəllimlərin məktəbdə işinin düzgün təşkili bütövlükdə tədris prosesinə müsbət təsir göstərən başlıca amillərdəndir. Yaponiyada 2020-ci ildə bu sahədə böyük təhsil islahatı planlaşdırılır. Ölkənin Təhsil Nazirliyi əmindir ki, təhsil islahatları üzrə tədbirlər kompleksinin tam həyata keçirilməsi pedaqoji işin təşkilində və müəllimlərin iş mühitinin yaxşılaşdırılmasında keyfiyyətli dəyişiklik etmədən mümkün deyil.
Bunun üçün müəllimlərin islahatların həyata keçirilməsində fəal iştirakı vacibdir. Məktəb müəllimləri tez-tez iş vaxtından artıq işləməyə məcbur olurlar. Yaponiya Təhsil Nazirliyinin 2017-ci ildə apardığı araşdırmaya görə, dövlət ibtidai məktəblərinin müəllimlərinin 33,5, dövlət orta məktəb müəllimlərinin 57,7 faizi həftədə 60 saatdan çox işləyir, məktəb müəllimi üçün iş vaxtı norması isə həftədə 38 saat 45 dəqiqə təşkil edir.
Müəllimlərin iş vaxtından artıq işləməsi xroniki yorğunluq və digər sağlamlıq problemləri, iş motivasiyasının azalması və pedaqoji fəaliyyətin keyfiyyətinin aşağı düşməsi kimi mənfi nəticələrə gətirib çıxarır. Bu vəziyyəti yaxşılaşdırmaq üçün Yaponiyanın Təhsil Nazirliyi “Məktəb işinin təşkilində islahatların aparılmasına dair təcili tövsiyələr” başlığı altında bir sıra tədbirlər hazırlayıb.
Belə ki, müəllimlərin yükünün və iş vaxtının optimallaşdırılması üçün aşağıdakı tədbirlər həyata keçiriləcək:
Müəllimin iş vaxtının uçotunda xüsusi vasitələrin tətbiqi
Bir qayda olaraq, gündəlik işin başlanğıc və bitmə vaxtı müəllimlər tərəfindən kağız sənədində zəruri sahələri doldurmaqla müstəqil şəkildə müəyyən edilir. Bu metod səmərəsiz hesab olunub və iş vaxtının uçotu terminallardan istifadə edilməklə elektron qeydiyyatla əvəz edilməlidir. Uçotun elektron kartların və biometrik məlumatların (ilk növbədə barmaq izlərinin) oxunması yolu ilə həyata keçirilməsi təklif olunur.
Məktəbin pedaqoji və inzibati heyəti arasında vəzifələrin yenidən bölüşdürülməsi
Müəllimlərin bilavasitə təhsilalanlarla işə aid olmayan vəzifələrinin bir hissəsi (məsələn, sənədlərin və hesabatların aparılması) məktəbin inzibati heyətinin nümayəndələrinin üzərinə qoyulacaq. Bundan başqa, Yaponiya Təhsil Nazirliyi Təhsil üzrə yerli komitələrə müraciət edərək, məktəblərdən tələb olunan hesabatların sayını yenidən nəzərdən keçirməyi tövsiyə edib.
Məktəb köməkçisi vəzifəsinin tətbiqi
2018-ci il üçün dövlət büdcəsindən bütün ölkə üzrə ibtidai və orta məktəblərə 3,6 min məktəb assistentinin işə götürülməsi üçün vəsait ayrılıb. Məktəb assistentlərinin vəzifələri, ilk növbədə, sinif ehtiyaclarının təmin edilməsi üzrə müəllimlərin tapşırıqlarının yerinə yetirilməsindən (məsələn, sənədlərlə iş və tədris materiallarının çap edilməsi), habelə məktəb tədbirlərinin təşkilindən ibarətdir.
Sinifdənkənar işin təşkili
Əvvəllər sinifdənkənar işlərə ayrılan vaxt heç cür tənzimlənməyib. Sinifdənkənar işin təşkili üçün yeni tədbirlər dərnəklərin iş vaxtının optimallaşdırılmasını və uçotunu, həmçinin dərnək fəaliyyətinə cavabdeh şəxslərin işə götürülməsini nəzərdə tutur. Dərnəklər üçün iş saatı normaları və əlavə istirahət günləri müəyyən ediləcək.

Oruc MUSTAFAYEV



Oxşar xəbərlər