BDU-nun Protokol sektorunun əməkdaşı, “Urban Talks” layihəsinin rəhbəri Mirhüseyn Tağıyev layihənin məqsədi və təşkil edilən görüşlər barəsində məlumat verib. Bildirib ki, budəfəki görüş layihə çərçivəsində sayca dördüncü tədbirdir və turizmin ətraf mühitə, sosial struktura və mədəni irsə qarşı həssaslığı kimi aktual məsələlərə həsr olunub.
Sonra BDU-nun dosenti, coğrafiya elmləri namizədi və Azərbaycan Ekoturizm Assosiasiyasının həmtəsisçisi Vüqar Dərgahov davamlı şəhər turizmi anlayışının mahiyyəti və müasir şəhərlərin inkişafındakı rolu barədə təqdimatla çıxış edib. O, davamlı turizmin əsas prinsipləri, mədəni irs və ətraf mühitin qorunması, nəqliyyatın optimallaşdırılması, yaşıl zonaların genişləndirilməsi, icmaların inkişafı və inkluziv bərabərlik kimi istiqamətləri diqqətə çatdırıb.
Görüşdə şəhər planlaşdırılması ilə turizm xidmətlərinin əlaqələndirilməsi, yerli biznes və kiçik sahibkarlığa dəstək, smart turizm və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də nəzarət mexanizmləri və turizm göstəricilərinin ölçülməsi məsələləri müzakirə olunub. Təqdimatda Azərbaycanın kiçik tarixi yaşayış məntəqələrində davamlı turizm tətbiqi üzrə idarəetmə modelləri və beynəlxalq təcrübə nümunələri nümayiş olunub. Bildirilib ki, düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma turizmin iqtisadi inkişafı gücləndirməsinə, yerli dəyərlərin qorunmasına xidmət edə bilər.
Qeyd edək ki, “Urban Talks” layihəsi şəhərsalma və dayanıqlı inkişaf mövzularında tələbələr üçün interaktiv müzakirə platforması kimi fəaliyyət göstərir.
Tehsil-press.az












