Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi Tbilisidə də qeyd olunub

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi Tbilisidə də qeyd olunub Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi Gürcüstanın paytaxtı Tbilisidə də qeyd olunub.
Yubiley tədbirində çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay bildirib ki, ölkəsi ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib.
Türkiyənin inkişaf yolundan danışan diplomat ölkəsinin dünyada söz sahibi və ən güclü ordularından birinə malik olduğunu bildirib. O, Türkiyənin bundan sonra daha da güclənəcəyini vurğulayıb.
Sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək Türkiyə xalqını milli bayram münasibətilə təbrik edib, Gürcüstan-Türkiyə münasibətlərindən, birgə irimiqyaslı layihələrdən danışıb.
Bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin ortaq layihələri olan Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Bakı-Tbilisi-Ceyhan neft , Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin önəmi daha da artır. Bu layihələr hər üç ölkənin iqtisadiyyatına, eləcə də ölkələr arasındakı münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Eyni zamanda, hər üç ölkənin Avropa və dünya üçün əhəmiyyətini artırır.
“Türkiyə Gürcüstanda ən çox investisiya yatıran ölkədir. Ümid edirəm ki, bizim əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək. Həyata keçirəcəyimiz regional, enerji, nəqliyyat və logistik layihələrin sayı, investisiyaların həcmi daha da artacaq", – deyə İ.Qaribaşvili vurğulayıb.
Tədbirdə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə videomüraciəti də təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər