Döyüşlər şiddətlənir: İsrail atəşkəs çağırışlarını rədd edir

Döyüşlər şiddətlənir: İsrail atəşkəs çağırışlarını rədd edir İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan, ağır dağıntı və itkilərə səbəb olan toqquşma davam edir.
İsrail ordusu Qəzza zolağında məhdud miqyaslı quru əməliyyatları keçirir. HƏMAS hərəkatını cəzalandırmaq üçün Qəzzada əməliyyatlar genişləndirilib. HƏMAS qruplaşması bildirib ki, Qəzzada İsrail qüvvələrinə tank əleyhinə raket zərbələri endirib. Qruplaşmanın hərbi qanadı olan Əl-Qassam briqadaları istifadə edilən raketlərin yerli istehsal olduğunu iddia edib.
Məlumata görə, İsrail qüvvələri bazar ertəsi Qəzzanın əsas magistralı olan şimal-cənub yolunu hədəf alıb və Qəzza şəhərinə iki istiqamətdən hücum ediblər. İsrail bildirib ki, HƏMAS-ın əsirliyindən bir əsgər azad edilib.
Qəzzanın səhiyyə orqanları 8306 nəfərin həyatını itirdiyini bildirib. BMT rəsmiləri Qəzzanın təxminən 2,3 milyonluq mülki əhalisinin 1,4 milyondan çoxunun evsiz qaldığını açıqlayıb. İsrailin 1400 nəfərdən çox vətəndaşı həlak olub.
ABŞ humanitar yardımın Qəzzaya çatmasını təmin etmək üçün İsraili döyüşləri dayandırmağa çağırıb. İsrail baş naziri Benyamin Netanyahu döyüşlərin dayandırılması çağırışlarını rədd edib. Netanyahu bazar ertəsi axşam saatlarında İsrailin Qəzzada HƏMAS ilə hərbi əməliyyatların dayandırılması ilə razılaşmayacağını və qruplaşmanı məhv etmək planlarını davam etdirəcəyini bildirib.
"Atəşkəs çağırışları İsrailin HƏMAS-a təslim olması, terrora təslim olması, vəhşiliyə təslim olması çağırışlarıdır. Bu baş verməyəcək", - Netanyahu televiziya ilə çıxışında deyib.
Hərbi mütəxəssislər deyir ki, İsrail qüvvələri HƏMAS yaraqlılarının girovların azad edilməsi ilə bağlı danışıqlar aparması ehtimalını açıq saxlamaq üçün qurudan hücumda yavaş-yavaş irəliləyir. İsrail ordusu son günlər Qəzzada 600-dən çox yaraqlının hədəfinə zərbələr endirib.
BMT rəsmilərinin dediyinə görə, Qəzzaya tələb olunandan daha az humanitar yardım yük maşını çatıb və insanların qida üçün BMT anbarlarına basqın etməsi ilə asayiş pozulub. BMT-nin dörd yardım paylama mərkəzi və bir anbarı dağıdılıb.
HƏMAS dünən üç girovun videosunu yayımlayıb. Onlar videoda baş nazirə qəzəbli mesaj ünvanlayıb. Netanyahu videonu "qəddar psixoloji təbliğat" kimi pisləyib və İsrailin quru kampaniyasının girovları xilas etmək üçün imkanlar yaratdığını bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər