Bakı Ali Neft Məktəbi ilə Çin Neft Universiteti arasında müqavilə imzalanıb

Bakı Ali Neft Məktəbi ilə Çin Neft Universiteti arasında müqavilə imzalanıb SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Çin Neft Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
İmzalanma SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın başçılığı ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində reallaşıb. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Çin Neft Universitetinin rektoru professor Vu Siaolin tərəfindən imzalanan müqavilə birgə tədqiqat fəaliyyəti, müəllim, tələbə, tədris və elmi materialların mübadiləsi, elmi forum və konfransların təşkilini nəzərdə tutur.
İmzalanmadan əvvəl Çin Neft Universitetinin rektoru professor Vu Siaolin və universitetin pedaqoji heyəti ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində bu gün ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.
Müasir dövrdə ölkələrimiz arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərimizin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən nümayəndə heyəti 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edib və bu münasibətlə il ərzində SOCAR tərəfindən müxtəlif sahələrdə keçirilən silsilə tədbirlər haqqında ətraflı məlumat verib.
Görüşdə Bakı Ali Neft Məktəbi və Çin Neft Universiteti arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirələr aparılıb. Bu xüsusda, bərpa olunan enerji və süni intellekt sahələrində birgə fəaliyyətə əhəmiyyət verildiyi qeyd edilib. Bir neçə ay bundan əvvəl BANM-də təşkil edilən təcrübə mübadilə proqramına qatılan çinli tələbələrin, orada qazandıqları təcrübədən xoş təəssüratlarla geri döndükləri bildirilib.

Tehsil-press.az




Oxşar xəbərlər