BANM ilə Çinin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

BANM ilə Çinin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Rektor Elmar Qasımov BANM-in kampusu ilə tanış olan səfir Qo Minə təhsil müəssisəsində yaradılan modern tədris şəraiti və tədqiqat mühiti barədə məlumat verib. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda, transmilli şirkətlərdə çalışırlar. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 31-i Bakı Ali Neft Məktəbinin tələbəsidir.
E.Qasımov rəhbərlik etdiyi ali məktəbin tələbələrinin transmilli neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçdiyini vurğulayıb. Bildirilib ki, bu da onların ingilisdilli peşəkar kadrlar kimi yetişməsində xüsusi rol oynayır. Rektor BANM-in Çindəki ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Səfir Qo Min BANM ilə ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafından danışıb. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub. Səfir Çin Neft Universiteti (China University of Petroleum - Beijing) ilə BANM arasında əməkdaşlığın perspektivlərindən də bəhs edib.
Görüşdə birgə əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi müzakirə olunub, qısa zamanda real işlərə başlanmasına qərar verilib.

Tehsil-press.az



Oxşar xəbərlər