BANM ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb

BANM ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında anlaşma memorandumu imzalanıb.
Sənədi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalayıblar.
Memorandumda BANM tərəfindən Naxçıvan Dövlət Universitetində informasiya təhlükəsizliyi ixtisasının yaradılmasına dəstək, eyni zamanda, NDU əməkdaşları üçün İnformasiya təhlükəsizliyi sahəsində təlimlərin təşkili nəzərdə tutulur. Ali məktəblər arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsinin aparılması və kimya ixtisasının daha da təkmilləşdirilməsi üzrə mübadilələrin həyata keçirilməsi də əməkdaşlıq istiqamətləri arasındadır.
Anlaşma memorandumu SOCAR ilə Naxçıvan Dövlət Universitetinin rəhbər heyəti arasında NDU-da keçirilən görüş çərçivəsində imzalanıb. Görüşdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafı sahəsində apardığı məqsədyönlü siyasətdən bəhs olunub, bu istiqamətdə əldə edilən mühüm nailiyyətlərin təməlinin Ümummilli Lider tərəfindən qoyulduğu vurğulanıb.
“Heydər Əliyev İli” çərçivəsində ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər