Stokholmda tədqiqatçı Jalə Cəfərova ilə görüş olub

Stokholmda tədqiqatçı Jalə Cəfərova ilə görüş olub Stokholmda filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan əsilli görkəmli türk rəssamı İbrahim Səfinin həyatının tədqiqatçısı, “Rəngləri danışdıran adam” kitabının müəllifi Jalə Cəfərova ilə görüş olub.
SAF (Svensk-azerbajdzjansk förening) təşkilatının sədri Sevda Dadaşovanın təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, Stokholmda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə “Qarabağ” bazar günü məktəbinin şagirdləri tədqiqatçı-jurnalist, “Azərbaycan milli mədəniyyətinin təbliği” ictimai birliyinin sədri Jalə Cəfərovanı salamlayıblar. Onların ifasında Azərbaycan haqqında şeir və mahnılar səslənib, həmçinin “Uzundərə” rəqsi təqdim edilib.
Sonra yazıçı Eluca Atalının Jalə Cəfərova ilə söhbəti olub. Görüşdə iştirak edənlər bu söhbət əsnasında İbrahim Səfinin həyatı haqqında çoxlu maraqlı faktlar öyrəniblər. Tədbirdə, həmçinin Jalə Cəfərovanın eyniadlı kitabı əsasında rejissor-ssenarist Etibar Məmmədovun lentə aldığı “Rəngləri danışdıran adam” filmi nümayiş etdirilib.
Jalə Cəfərova AZƏRTAC-ın müxbiri ilə söhbətində İbrahim Səfinin yaradıcılığının tədqiqi prosesindən, onun nəticələri və qarşıdakı layihələrdən bəhs edib.
Agentliyin müsahibi deyib: “Mənə tez-tez sual verirlər: “İbrahim Səfinin həyat yolunda sizi maraqlandıran nədir?” Bu maraq, yəqin ki, böyüdüyüm mühitdən qaynaqlanır. Atam - yazıçı, publisist, dramaturq və şair Cavad Cavadov əmin idi ki, bir xalqı məhv etmək üçün onu mədəniyyətindən, dilindən məhrum etmək kifayətdir, onu əbədiləşdirmək üçün isə onun milli dəyərləri haqqında bilikləri öyrənib yaymaq lazımdır. İbrahim Səfi haqqında ilk dəfə konfransda eşitmişdim. Onun barəsində məlumat alanda kövrəldim, çünki 38 il əvvəl aramızdan ayrılan həmyerlimiz, ilk dəfə Atatürkün portretini çəkən rəssam haqqında heç nə bilmirdim. Həmin konfransda özümə söz verdim ki, görkəmli rəssamın həyatını tədqiq edəcəyəm və artıq üç gün sonra bu məqsədlə İstanbula yollandım. Səfi çoxtərəfli insan olub. O, Naxçıvanda dünyaya göz açıb və orada boya-başa çatıb. Sonra İrəvan Pedaqoji Seminariyasında və Rusiya Rəssamlıq Akademiyasında təhsil alıb. Səfi sonradan könüllü olaraq Nuru Paşanın qoşununun sıralarına qoşulub. Müharibənin başa çatmasından sonra Türkiyəyə köçüb və ömrünün son günlərinə qədər orada yaşayıb”.
Bütün bu tədqiqatlar 2021-ci ildə işıq üzü görmüş “Rəngləri danışdıran adam” kitabında yer alıb. Jalə Cəfərova bu tədqiqat əsərinə görə Çukurovada keçirilən VIII Beynəlxalq poeziya və musiqi festivalında “Atatürk” medalı ilə təltif olunub. O, 200 iştirakçı arasında bu mükafata layiq görülən iki laureatdan biri olub.
Tədqiqatçı deyib: “Rəngləri danışdıran adam” kitabının işıq üzü görməsindən sonra mən Səfinin Yunanıstan və Fransada keçirdiyi illəri araşdırmaq məqsədilə həmin ölkələrə yolandım. Bu səfərin nəticəsində daha bir kitab – “Rəngləri solmayan rəsmlər”, onun ardından isə “Işıq adam” əsəri çapdan çıxdı. Onların təqdimatı Azərbaycan, Türkiyə, Polşa və Almaniyada oldu. Mən, həmçinin görkəmli teatr və kino aktyoru Hamlet Xanızadəyə əsr olunmuş “Səni belə xatırladıq” kitabının müəllifiyəm. Bu kitab tezliklə çapdan çıxmalıdır. Hazırda türk şairi, XIII-XIV əsr filosofu, sufizmin davamçısı Yunus Əmrənin həyat və yaradıcılığı barədə tədqiqat aparıram. Əlamətdar haldır ki, onun şeirləri məna etibarilə bu gün də aktualdır”.

Tehsil-press.az


Oxşar xəbərlər