İctimai-siyasi xadim Nəriman Nərimanov haqqında monoqrafiya Azərbaycan və gürcü dillərində nəşr olunub

İctimai-siyasi xadim Nəriman Nərimanov haqqında monoqrafiya Azərbaycan və gürcü dillərində nəşr olunub Tanınmış ədəbiyyatşünas, publisist Vəli Məmmədovun ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanov haqqında yazdığı monoqrafiya Azərbaycan və gürcü dillərində nəşr olunub.
Tbilisidəki “Universal” nəşriyyatında nəşr edilən kitab ilk dəfə Bakıda 1957-ci ildə işıq üzü görüb.
Bakı, İrəvan, Tbilisi, Odessa, Kiyev, Sankt-Peterburq və Moskva şəhərlərinin arxiv və kitabxanalarında çalışmış müəllif çoxlu qiymətli və maraqlı sənədlər, fotoşəkillər, N.Nərimanovun sağ qalan qohumlarının, tələbə yoldaşlarının və dostlarının xatirələrini toplayıb.
Kitab Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin təşəbbüsü və maliyyə dəstəyi ilə işıq üzü görüb.
Tehsil-press.az-a müsahibəsində deyib: “Tbilisidə anadan olan N.Nərimanov Gürcüstanın paytaxtında boya-başa çatıb. Qori Müəllimlər Seminariyasında təhsil alan ədib soydaşlarımızın yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində müəllim, Tbilisi şəhərində həkim kimi fəaliyyət göstərib. Bütün bunları nəzərə alaraq kitabın gürcü dilinə tərcümə olunaraq oxuculara çatdırılmasını da məqsədəuyğun hesab etdik”.
Bildirilib ki, 1991-ci il noyabrın 20-də erməni terroristləri tərəfindən vurulan helikopterdə həlak olan Vəli Məmmədovun yanvarın 7-də ad günüdür. Məhz həmin gün kitabın təqdimatını keçirmək və onun əziz xatirəsini yad etmək niyyətindəyik.
O bildirib ki, kitabın yeni nəşri N.Nərimanovun Bakıdakı və Tbilisi şəhərindəki ev muzeylərinə, eləcə də M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə, kitabxanalara paylanılacaq.
Kitabın tərtibçisi və tərcüməçisi jurnalist–tədqiqatçı Mirzə Məmmədoğlu (Maşov), redaktoru isə tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir (Naro Kolxeli).

Tehsil-press.az

Oxşar xəbərlər